çərşənbə, 18 sentyabr 2019

BİZİM FUTBOL

“Son illər “Neftçi”yə xərclənən 50 milyonun qarşılığında qazanılan bir “titul” var - “CBC Sport” kuboku”

17.08.2019 15:48 Oxundu 214


Neftçi” uzun zamandır ki, həm Azərbaycan Premyer Liqasında çempionluğa həsrətdir, həm də avrokuboklarda uğur qazana bilmir. “Ağ-qaralar” ötən mövsüm böyük pullar xərcləyərək, transferlər edərək çempionluğa yaxınlaşsa da, sonda yenə gülən tərəf əsas rəqibi “Qarabağ” oldu. Komanda Avropa Liqasına da uğurlu start verdi. Amma… Davamı gəlmədi. Büdcəsi “Neftçi”dən xeyli az olan “Bney Yehuda” Bakı komandasını mübarizədən kənarlaşdırdı.

Müstəqillik dövründəki “Neftçi”nin uğurlu illərində klubun vitse-prezidenti olmuş Tahir Süleymanovla komandanın uğursuzluğunun səbəbləri haqqında danışdıq. Süleymanov əvvəlcə danışmağa həvəsli olmasa da, israrımızdan sonra sualları cavablandırmağa razılaşdı. Hər cavab isə bir sual gətirdi…

- “Neftçi”nin “Bney Yehuda” uğursuzluğunun səbəbini nədə, kimdə və ya kimlərdə görürsüz?

- Tək bir komanda ilə oyunlara deyil, Avroliqadakı çıxışa ümumi qiymət verilməlidir. Eyni zamanda, artıq “Neftçi” rəhbərliyi və baş məşqçi Bordinin Avropada ikinci sınağı idi. Bu, “Neftçi” kimi klubda kifayət qədər vaxtın verilməsi deməkdir. Neçə gündür artıq tək “Neftçi” yox, “Qarabağ” məğlubiyyəti daxil, müzakirələr səngimir. Özünüz də hiss etdiz, geniş münasibət bildirmək istəmirdim. İsraildəki oyundan sonra da heç bir açıqlamam olmayıb. Futbol ictimaiyyətində qarşıdurmalar o həddə çatıb ki, ümumi futbol, komandaların çıxışları, futbola uyğun təhlillər böyük ölçüdə qalıb kənarda, fərdlər davası, tərəfkeşlik, məqsədli yanaşmalar klubları, ümumilikdə isə futbolu əsir götürüb. Belə anarxiya bu gün futbolu idarə edənlərə, klublardakı təsadüflərə sərfəlidir. Böyük futbolla məhəllə futbolu arasında sədd götürülüb, düşüncələrin əksəriyyəti peşəkar futbola deyil, emosiyalara söykənir. Ara qarışanda isə əsl problemlər unudulur, məqsədli təbliğat sayəsində unutdurulur. İlk öncə xüsusi vurğulayım, istənilən komanda məğlubiyyət acısı yaşaya bilər. Futbolda mütləq qalib obrazı yoxdur və heç vaxt da olmayıb. Əsas, səbəblərin düzgün araşdırılmasıdır. Təhlillər doğru aparılmasa, davamlı uğursuzluqlar qaçılmaz olur. “Neftçi”nin ilk rəqibi Avropa futboluna layiq olmayan çox zəif “Speranta” idi. Hətta statistik tarixi nəticələr belə, ciddi qəbul edilmədi. Rusiya “Arsenal”ı ilk sınaq idi. Duruma uyğun, komanda mərhələyə mükəmməl hazırlaşdı və bir daha sübut olundu ki, büdcə çoxluğu futbolda əsas şərt deyil. Oyuna fiziki, taktiki, psixoloji hazırlığın yerindədisə, rəqib düzgün analiz edilibsə, sonda qalib olacaqsan. Eyni zamanda, Rusiyada “Neftçi”yə hörmətlə yanaşılsa da, Azərbaycan futboluna yuxarıdan aşağı baxılması xeyrimizə işlədi. Bununla da, “Neftçi” ruhu postsovet məkanında vaxtilə 2-ci liqa komandası olmuş Tula “Arsenal”ı qarşısında nüfuzunu qorumuş oldu. Nə qədər futbolumuza biganə yanaşılsa da, “Neftçi” keçmiş SSRİ məkanının futbol tarixindəki klublar arasında ilk sıralardadır, top-klubların ilk 12-liyinə daxildir. Təbii, “Bney Yehuda”ya acı məğlubiyyətin öz səbəbləri var. İlk qarşılaşmada komandanın əsas silahına çevrilən fanat-azarkeşlərin möhtəşəm dəstəyiylə heç-heçə edildisə, “Neftçi” cavab görüşündə bundan məhrum idi. Əsas səbəblərdən biri isə Roberto Bordinin “Neftçi”ni ilk rolda oynada bilməməsidir. “Arsenal” daha güclü olsa da, indiki komanda oyununa uyğun rəqib idi. Daha zəif israillilər “Neftçi”ni, daha doğrusu, italyanı öz silahı ilə vurdular. Ümumilikdə isə məğlubiyyətdə bir səbəbkar olmur, “Neftçi”yə bu gün cavabdeh olanların, məsuliyyət daşıyanların hər biri uduzub. Klubun böyüklüyünü qoruyub-saxlayan illərdi formalaşmış fanat-azarkeşlərin “Neftçi” sevgisi, “Neftçi” ruhudur. Adına layiq nəticələrinin qazanılması üçün “Neftçi” və klubda olanların ruhu mütləq şəkildə bir-birinə uyğun olmalı, vəhdət təşkil etməlidir. Qorxaq ruhları “Neftçi” böyüklüyü qəbul etməz.

- Tahir bəy, ola bilərmi ki, “Neftçi”nin “Bney Yehuda” ilə oyunları uğursuz keçirməsinə mükafat məsələsinin də müəyyən təsiri olsun?

- Avroliqa, ölkə kuboku qısa yarışlardır. Məqsədi olan klubların strategiyası fərqli olmalıdır. “Speranta” keçidindən sonra mükafatlar verildi. “Arsenal” mərhələsindən sonra mətbuatda mükafatlarla bağlı məlumat getmədi. “Neftçi” kimi qrup iddiası, hədəfi olan klubda bir, iki mərhələyə mükafatlar verilməz. Bu, kiçik klublara xas olan addımdır. “Neftçi”də bonuslar öncədən elan olunar və ancaq qrup, kubok təmin olunarsa ödənilər. Hər mərhələyə mükafat veriləndə futbolçuda “doyma” effekti yaranır. Ümumi məbləğin qazanılması, hədəfə çatması üçünsə, futbolçular meydanda başlarını qoyurlar, otu, torpağı şumlayırlar. Bir tərəfdən qrup, ümumi böyük məbləğ, digər tərəfdən də məğlubiyyət qarşılığında pulların itirilməsi. İsraildə taktiki yanlışlıqlar öz yerində, eyni zamanda futbolçular klub rəsmilərinin dediklərinin tam tərsi kimi görünürdülər, həvəssiz idilər. İllərimizi futbolda, klub rəhbərliyində keçirmişik. Futbolun öz psixologiyası var. Ya “Arsenal”a görə mükafatlar ödənilib komanda doyub, ya da ən pisi, elan olunan mükafatlar vaxtında ödənilməyib, futbolçular narazı qalıb.

- Belə söz-söhbət gəzir ki, “Neftçi” rəhbərliyi klubda ciddi maliyyə yeyintisinə yol verir. Siz “Neftçi”də uzun muddət rəhbər postda olmusuz, bu cür halların baş verməsi və ya verməməsi üçün orda mexanizm necədir, necə qurulub?

- Əldə ciddi faktlar olmadan fikir bildirmək doğru olmaz. Suala futbol, klub idarəçiliyi baxımından cavab verilməsi daha məqsədəuyğun olar. “Neftçi” artıq 4-5 ildir anarxiya, eksperimentlər məkanına çevrilib, idarəolunmaz hala gətirilib. Klub kiminsə şəxsi vəsaiti hesabına maliyyələşmir, xalqın, dövlətin puludur. Buna və tarixinə, yaşına, nüfuzuna görə xalq komandası adlanır. “Neftçi” kimi klubun Azərbaycan futbolu qarşısında məsuliyyəti çox böyükdür. Son illər isə klub əcaib şəkildə idarə olunur. Prezident idarə-üsulu ləğv edildi, Müşahidə Şurası yaradıldı, sonra yenidən bərpa edildi, bir rəhbər heyət gedir, digəri gəlir, məşqçilər, futbolçular əlcək kimi dəyişdirilir, şəffaflıqdan dəm vuranlar heç futbolçuların transfer qiymətlərini də açıqlamırlar. İndi də klubda həftəbecər idarəçilik sistemidir. Müşahidə Şurası, prezident, vitse-prezident, gözə görünməyən “klan” başçıları, onların ətrafında gəzişən “söz sahibləri” “Neftçi” üzərində xalqın puluyla ağalıq edib, klubu talayıb dağıdırlar. Fakt odur ki, son illər “Neftçi”yə xərclənən yuxarı-aşağı 50 milyonun qarşılığında qazanılan bir “titul” var – “CBC Sport” kuboku. “Neftçi” yalançı piar, araqatmalar, şayiələr, vaxtudmalar, “təbliğat maşını”nın üzərindən idarə olunur. “Neftçi” adı artıq 90 faiz heç kimi düşündürmür. Düşünən, düşündürülən, müdafiə edilən ayrı-ayrılıqda fərdlərdir. Yayınmaq, uğursuzluqları ört-bastır etmək üçünsə dezinformasiyalar, o da alınmayanda daxildə “qurban” hədəfinin müəyyən edilməsi… “Neftçi” kimi klubun hədəfləri necə məqsədli kiçildilirsə, kluba sadiq fanat-azarkeşlərin təzyiqi, ictimai qınaq olmasa, daha acınacaqlı durum yaşanar. “Neftçi” nə adına layiq nüfuz, nə də möhkəm futbol idarəçiliyi baxımından idarə olunur. Bir klub prezidenti ki, “Azərsun Arena”da rəqib qarşısında 3-cülük medalını qəbul edir, bu azmış kimi 8-ci km stadionunda, evdə “Qarabağ”ın çempionluq atəşfəşanlığı fonunda mikrafon qarşısında gülə-gülə “tarix”dən danışırsa, “Neftçi” kimi klubun idman direktoru ekran qarşısında “çempion olmalıydıq?” ifadəsini işlədirsə, komanda heç vaxt layiq olduğu uğurları qazana bilməz. “Neftçi” kimi klubun vitse-prezidentinin isə ümumiyyətlə varlığı ilə yoxluğu bilinmir.

Yeri gəlmişkən, futbol ictimaiyyəti, azarkeşlər arasında şayiələrin baş alıb getməsinin qarşısının alınması üçün qeyd edim, “Neftçi” üçün kredit nəinki biz, heç bizdən sonrakı rəhbərlik tərəfindən götürülməyib. Kreditə cavabdeh və təşəbbüskarlar keçmiş klub prezidenti Orxan Hüseynzadə və bu gün də klubda “görünməz” vitse-prezident Elnur Eyvazovdur. Beləcə, nəticələrə heç bir məsuliyyət daşımadan xalqın pulları ilə 30 il də “çalışmaq” olar.

- “Neftçi”nin Avropa Liqasındakı oyunlarından əvvəl xeyli susqun idiz. Arabir dəstək məqsədli fikirlərinizə rast gəlirdik, ümumilikdə isə çox da aktiv deyildiz.

- Bütün bunlar tənqid deyil, reallıqdır. “Neftçi” adına, fanat-azarkeşlər adına istənilən dəstəyi verdik. Avroliqa öncəsi təzyiq olmasın deyə, təhlillərdə çox məqamlara toxunmadıq. İndi artıq bitib, daha geniş münasibət bildirmək olar. 

“Neftçi”nin heç bir strategiyası yoxdur. Bu gün kluba rəhbərlik edənlər “Neftçi” böyüklüyünü ancaq sözdə bəlkə dərk edə bilərlər. “Neftçi” öz yetirmələrini didərgin salıb, “Qəbələ”, “Bakı”, “İnter”in farm-klubuna çevrilib. Belə transferlər klubda istisna hallarda ola bilər, kütləvi yox. “Neftçi”nin yetirmələri “Qarabağ”ın heyətində çempionluqlar yaşayır, komanda başqa yerli futbolçulara möhtac edilib. “Neftçi” adına cinayətdir. Legionerlərlə bağlı məsələ ümumiyyətlə biabırçılıqdır. Ötən mövsümlərdə dünyanı gəzib-dolaşıb transfer fiaskolarından sonra, “rahat düşüncə” ilə “Neftçi”ni “Qəbələ-2”yə çevirmək tarixi klub adına biabırçılıqdır. Sumqayıt kimi futbol şəhərində 10 ilə 5 yerli səviyyəli futbolçu hazırlaya bilməyənlər “Neftçi”nin illərdir əziyyətlə yetişdirdiyi futbolçuların dəyərini bilməzlər. Kamran Quliyev ən azı hər il Tahir Süleymanovun yanında saatlarla oturub, “Sumqayıt” üçün icarəyə futbolçu istəməsini unutmamalıydı. “Neftçi”nin yetirmələrini klubdan küsdürüb yox etmək bağışlanmazdır. Bu, tək indiki rəhbərliyə aid deyil, 4-5 ildi davam edir. Bunun əvəzinə isə komandada ehtiyatda yaşı keçmiş ödənişli futbolçular saxlanılır. Bir-iki gənc futbolçu nümunə gətirilməsin. “Neftçi” çempionluqlarını, kuboklarını qazananda həyətdə çıxış edən 18-22 yaşlı futbolçuların sayı-hesabı bilinmirdi.

- Tahir bəy, “Neftçi”nin büdcəsi ilə bağlı da dəqiq məlumat yoxdur, amma təxminlər var. Sizin bu barədə bilginiz varmı?

- “Neftçi”nin büdcəsi ilə bağlı ictimaiyyət aldadılır, “transferlərə pul yoxdur” deyilir. Dabo, Monroz, ehtiyatda oturan Platellas, Stankoviç və digərlərinin qiymətləri açıqlansın. Kanenin 1000 dollara oynadığı deyilir, təbliğ edilir, gözə soxulur. Birincisi, bu qiymətə legionerin “Neftçi”də nə işi var?! İkincisi də, yüksək ödənişli Platellasın yerinə oynayacaqsa, yunan komandada nə gəzir… Eyniylə, ödənişli yerli gəlmələrin ehtiyatda oturması. Belə klub strategiyası olmaz, belədə klubda pul qalmaz, nəticələr göstərilə bilməz. “Neftçi”nin heç bir maliyyə problemi yoxdur, klubun səriştəsiz idarəçilik problemi var. İndi də “təbliğat maşını” işə salınıb – günah Bordindədir. Elə bil italyan göydən düşüb, öz ayağı ilə gəlib! Klub rəhbərliyi dalınca düşüb, xaricə səfər edib, yalvarıb gətirib. Heç kim yaxasını kənara çəkə bilməz…

- Yəni lap əvvəldən Roberto Bordin baş məşqçi postu üçün uyğun olmayan və uğursuz seçim idi?

- Roberto Bordini “Arsenal” oyunlarına komandanı hərtərəfli yaxşı hazırladığına görə təriflədik. Bir güllə isə bahar olmur. Baş məşqçi ilə bağlı fikirlərimi ilk gündən bildirmişəm, “Neftçi”nin illərlə sərgilədiyi tarixi oyun dəst-xəttinə uyğun mütəxəssis deyil. “Şerif”də qruplar görüb, çox gözəl. Bu, o demək deyil ki, “Neftçi”yə yararlıdır. Syomin kimi illərin təcrübəsi “Qəbələ”ylə Azərbaycan futbolunda baş çıxara bilmədi, yenidən Rusiyaya dönüb “Lokomotiv”lə çempionluq yaşadı. Ölkə futbolunun öz spesifikası var, “Neftçi” də futbolumuzun tarixi parçasıdır. İlk olaraq, Bordində günah yoxdur, günah onu kluba gətirənlərdədir. Yuxarıda qeyd etdim, hər dəfə dəyişən rəhbərliklər “Neftçi” yükünü, ağırlığını daşıya bilmirlər. Bu azmış kimi, futbolun da dərinliklərindən xəbərləri yoxdur. Olsaydı, Bordin heç vaxt “Neftçi”nin baş məşqçisi ola bilməzdi. Bu insanın futbol fəlsəfəsi ikinci rolluqdur, “Neftçi” ruhuna yad bir sistemdir. İtalyan sevimli komandası “İnter”lə komandamızın oyununa baxsın və görsün ki, “Neftçi” heç “San-Siro”da ikinci planda futbol sərgiləməyib. Söhbət qələbə və ya məğlubiyyətlərdən getmir, komanda udar da, uduzar da. Əsas komandanın lider ruhunun, ənənələrinin qorunub saxlanılmasıdır. Böyük klubların əsas özəlliyi kluba kimlərin gəlib- getməsindən asılı olmayaraq, tarixi kökünə sadiq qalmalarıdır. Bugünkü “Neftçi”nin adı “Neftçi”dir, oyun üslubu isə komandaya tam yad, yarasız bir sistemdir. “Neftçi” kimi klubda belə strateji səhvlərə yol verilməməlidir. Ona görə də, komanda necə gəldi formalaşdırılıb. Rəhbərlik-məşqçilər korpusu-futbolçular-azarkeşlər, klublarda bu sistem zəncirvari bir-birinə bağlıdır və vahid mexanizm kimi çalışmalıdır. İlk düşüncə addımı artıq yanlış idi. Sistem başdan pozulub, düzgün qurulmayıb. “Neftçi” kimi tarixi klubun əcnəbi məşqçisi deyirsə ki, “hətta hədəf qrup idi”, deməli, o klubda nə rəhbərlik var, nə də baş məşqçi. Bu insanlar hələ dərk etmirlər ki, “Neftçi”nin hədəfləri çoxdan müəyyənləşib, sadəcə özləri o hədəflərə uyğun gəlmir, “Neftçi” yükünü daşıya bilmirlər. “Neftçi”də heç kimə vaxt verilmir, vaxt çempionluqlarla, kuboklarla, Avropada nəticələrlə qazanılır. Vahid sistemin yaradılmadığı, fanat-azarkeşlərin nəticə, baxımlı oyun tələbi, istəyi, uğursuz transferlərin qorxusu, ümumi təzyiqlər fonunda komanda necə gəldi qurulub. Təki növbəti bir mövsüm üçün özlərinə görə vaxt udulsun. Bordinin bəxti gətirib ki, azarkeşsiz “Bakı birinciliyi”ndə çıxış edir. “Xəzər Lənkəran”, “Bakı”, “Karvan”, “İnter”, “Qəbələ”nin yaxşı vaxtlarını görməyib. “Neftçi”, “Qarabağ” daxil, bu klublar heç vaxt bir-birinə qarşı nəinki ikinci rolda çıxış etmək, heç ruhən bunu qəbul etməyiblər. Hər oyunda meydanda liderlik uğrunda amansız mübarizə gedib. İndi isə dünən yaradılmış klublar arasında 2-ci rolda oynayaraq, 2-cilik qazanmaq, Avroliqada 2 mərhələ keçmək böyük qəhrəmanlıq tələb etmir, heç əcnəbi baş məşqçiyə də ehtiyac yoxdur. “Neftçi”nin problemi tək baş məşqçi problemi deyil. Əksinə, indi yayındırıcı hədəf kimi Roberto Bordinin özü seçilib. Qarantiyalı müqaviləsi var, hara gedəcək ki? Məqsəd klub rəhbərliyinin “sığorta”sının təmin olunmasıdır. Bu gün Müşahidə Şurasında Cəbrayıl Cəbrayılov kimi SOCAR-ın maliyyə təmsilçisi yer alır. “Neftçi”nin çempionluqlarının, kuboklarının da, tarixi uğurlarının qazanılmasını da görüb nəzarət ediblər, fiaskolarına da şahidlik ediblər. Son illərin 50 milyonluq vəsaitinin kənardan müşahidəsini yox, nəzarətinin, hesabatının tələb olunması zamanı, vaxtı çoxdan yetişib. Əks halda, bu durumun yaradılmasının səbəbkarları arasında birincilər sırasında özləri olacaqlar. “Neftçi”yə ayrılan milyonlar kiminsə şəxsi vəsaiti deyil, xalqın puludur. Hələ ki, ata malı kimi bordinlərə, səriştəsiz rəhbərlikdən tutmuş, üçmərtəbəli tərcüməçilərə, nəticə qazana bilməyən futbolçulara kimi sorğu-sualsız xərclənir.

- Artıq neçənci ildir ki, “Neftçi” avrokuboklarda uğursuz çıxış edir. Konkret, sizcə, nə etmək lazimdır?

- Nəinki avrokuboklarda, “Neftçi” son kubokunu 2014-cü ildə qazanıb və həmin il də pley-ofda “bostanlıqda” oynamağa məcbur edilərək dayanıb. “Neftçi” yetirmələrinin püxtələşdiyi, çempionluqlar yaşamış, o ruhla böyüyən yerli futbolçular hazırlanmışdı. Onların sırasına səviyyəli 4-5 legioneri qatmaqla “Neftçi” öz liderliyini illərlə qoruyub saxlayacadı. Hazır mexanizm idi. Düzgün idarəçiliklə 5-10 il o futbolçular “Neftçi”ni çempionluqlara daşıyacaq gücdə idilər. Təəssüf ki, kluba növbəliklə gələnlər tərəfindən komanda dağıdıldı. İlk olaraq münasibət dəyişməlidir, “Neftçi” böyüklüyünü dərk edə, qoruya biləcək insanlar olmalıdır. Bu gün bu adı qoruyub saxlayan yeganə qüvvə fanat, azarkeşlərdir. Təəssüf ki, onlar da şayiələrlə parçalanır, birliyin təmin olunması əvəzinə qarışıqlıq yaradılır. “Neftçi” adı, böyüklüyü ilk sırada olmalıdır. Fərdlər heç vaxt “Neftçi” camiəsindən böyük olmayıb, ola da bilməz. Kluba kimlərin rəhbərlik etməsi, baş məşqçi olması öndə olmamalıdır, vacib olan “Neftçi” adına layiq uğurların qazanılmasıdır. “Parçala hökm sür” prinsipi ilə araqatmalara uyulmamalıdır. “Neftçi” elə bir klubdur ki, hər zaman diqqət mərkəzində olub. Məqsədli-məqsədsiz, tərəfkeşliklərə son qoyulmalıdır. Futbol ictimaiyyəti arasında kimlərinsə qorunması naminə “Neftçi”nin hədəfləri bilərəkdən, məqsədli olaraq kiçildilməməlidir. Kiçik düşüncəlilərin böyük hədəfləri ola bilməz. Biz yaxın keçmişdə Avroliqa pley-offunu, çəkişmələri “Neftçi” adına qəbul etməyib, istefa verdik. Son 4-5 mövsümdə “Neftçi” adına yaraşmayan biabırçı anti-rekordlarla heç kim klubdan könüllü getməyib. Qovulmaq ifadəsi düşüncə təfəkkürümə uyğun ifadə deyil, məcburi göndərilənə qədər vəzifələrindən əl çəkməyiblər. Bu gün də belədir, vəziyyət dəyişməyənə kimi sabah da belə davam edəcək. Xalqın, dövlətin vəsaiti ilə “Neftçi” təsisçiliyinə yiyələnənlər, sponsorlar nəhayət ki, “Neftçi” böyüklüyünə hörmət edib, doğru addımlar atmağa həvəsli olacaqlar. “Neftçi” adına ayrılan milyonların qarşılığı meydanda layiqincə ödənilməlidir. Ancaq bu halda “Neftçi”nin əzəməti geri qayıda bilər.

- “Neftçi”nin prezidenti Kamran Quliyev müsahibəsində deyib ki, bizim üçün minimum hədəf “Speranta”nı keçmək idi. Ölkənin ən büdcəli və ən böyük tarixə sahib klubunun prezidentindən belə açıqlama sizcə də, bir az gülməli deyilmi? “Neftçi”nin minimum hədəfi Avroliqanın qrupuna vəsiqə qazanmaq olmalıdır, yoxsa həvəskar səviyyədə olan “Speranta”nı keçmək?

- Kamran Quliyev bildirirsə ki, ən minimum vəzifə “Speranta”nı keçmək idi, deyiləsi söz də qalmır. Demə, “Arsenal” qələbəsindən sonra iştah artıb və özləri, azarkeşlər üçün qrup qapısı görünüb. Böyük “Neftçi”nin böyük azarkeşləri Azərbaycanda ilk dəfə qrup görmüş fanatlardır. İstənilən komanda məğlub ola bilər, “Neftçi” adına hədəflərin bu qədər kiçildilməsinə isə heç kimin ixtiyarı yoxdur. Kimlərinsə özlərinin hədəfləri kiçik ola bilər, “Neftçi”nin yox.

- Hazırkı “Neftçi” dünən startı verilən Azərbaycan Premyer Liqasının bu mövsümündə çempionluğa layiqdirmi?

- “Neftçi” adı hər zaman çempionluğa layiqdir və bu, “Neftçi” üçün minimum hədəf olmalıdır. Klubda çalışanlar bu ada layiq olmaya bilərlər, layiq olmayanlar isə “Neftçi”yə layiq deyillər. “Neftçi”nin indiki büdcəsi davamlı çempionluqların, kubokların qazanılmasına, qruplarda oynamasına imkan verir. Yetər ki, düzgün işlər görülsün.
(Komanda.az)