cümə, 29 mart 2024

BİZİM FUTBOL

Meza Kolli meydandan niyə qovuldu? - VİDEO

26.08.2019 16:10 Oxundu 1297

Dünən keçirilən "Sabah"-"Keşlə" oyunun 73-cü dəqiqəsində hakim Səbuhi Bayramov qayda pozuntusu qeydə alaraq oyunu saxladı və "Keşlə"nin oyunçusu  Sezar Meza Kolliyə sarı vərəqə göstərdi. Cempion.az xəbər verir ki, bu futbolçunun ikinc sarı vərəqəsi olduğuna görə o meydandan kənarlaşdırıldı. İlk baxışda hakimin futbolçunu simulyasiyaya görə cəzalandırdığı anlaşılırdı. Lakin epizodun təkrarı zamanı simulyasiya olmadığı açıq-aydın görünürdü.  Bəs futbolçuya sarı vərəqə niyə göstərildi? Bu, azarkeşlərə də, oyunun teleşərhçisi Elnur Məmmədliyə də qaranlıq qaldı. Şərhçi hətta epizodun ikinci dəfə göstərilməsini rejissordan xahiş etdi.  Epizod ikinci dəfə göstərildikdən sonra bəlli oldu ki, qayda pozuntusundan sonra ətaləti üzrə yerdə çevrilən Meza Kollinin ayaqları yuxarı qalxaraq rəqibə ilişir. Bəlkə hakim bu hərəkətinə görə onu cəzalandırdı? Dəqiq bilinmədi.
Hakimin bu cür sərt qərar qəbul etməsinin səbəbini dəqiqləşdirmək üçün oyunun protokoluna baxmaq məcburiyyətində qaldıq. Sən demə, Meza Kolli hakimin qərarına etraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılıb. Təqdim etdiyimiz videoda isə futbolçunun sakit halda hakimin davaranışını izlədiyi görünür. Hakim hələ qərar verməmişdən əvvəl əlinə cibinə ataraq, sarı vərəqəni çıxarır. Görəsən, Meza Kolli verilməyən hansı qərara etiraz edirmiş?