çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

"Neftçi"nin baş məşqçisi: "Mən də bir neçə dəfə zərbələrdən qaçası oldum"

01.09.2019 23:54 Oxundu 460


"Əvvəldən sonadək gərgin oyun oldu. Yaxşı başlamadıq, amma buraxdığımız qoldan sonra sanki ayıldıq". 

Bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib. 

İtaliyalı mütəxəssis Azərbaycan Premyer Liqasının III turunda "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. O, matçdan sonra keçirilən mətbuat konfransında bildirib ki, qələbəni heç də asan qazanmayıblar: "İlk dəqiqələrdən yaratdığımız vəziyyətləri qola çevirə bilmədiyimiz üçün futbolçuların üzərində gərginlik var idi. Onları qələbə münasibətilə təbrik edirəm. Sona qədər mübarizə apardılar, xarakter göstərib qələbə qazandılar. Bu çox vacib qələbə idi". 

O, matçda yaşanan xoşagəlməz hadisədən də danışıb: "Sonda nələrin baş verdiyini gördünüz? Orada elə bir vəziyyət yaranmışdı ki, mən də bir neçə dəfə zərbələrdən qaçası oldum. Məsələni araşdırıb müvafiq qərar verəcəyəm. Bu vəziyyətdə təkcə Anton Krivotsyuk və Vurğun Hüseynovu günahlandırmaq olmaz. Çünki hər iki komanda oyunboyu xoşagəlməz hallar yaratdı ki, bu da sonda gətirib bu vəziyyətə çıxardı. Məgər Ayxan Abbasov italyanca bilir? Mən o vəziyyətdə istəyirdim ki, komandalar sakitləşsin. Yaxşı hal deyil ki, uduzan komanda rəqibi günahlandırır. Hərə öz evinin içinə cavabdehdir. Öz futbolçularımı düşünməliyəm. Xahiş edirəm, rəqib baş məşqçi də belə etsin. Çempionatdakı hər bir komanda bizim üçün rəqibdir. Bu gün mütləq qələbə qazanmalı idik və buna nail olduq".

Qeyd edək ki, qarşılaşmada qalmaqal 90+3-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu zədələnərək yerdə qaldıqdan sonra qapıçı Mehdi Cənnətovun topu kənara çıxarmasından sonra yaşanıb. “Neftçi” futbolçuları topu rəqibə qaytarmayıblar və Stiven Monroz "Sumqayıt"ın qapısına yol tapıb.
Qonaqların kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedib və ona sillə vurub. Krivotsyuk ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
 
Xoşagəlməz hadisə zamanı Bakı klubunun məşqçisi Etibar Tarverdiyev də qonaqların çalışdırdıcısı Ayxan Abbasovu vurub. Amma final fitindən sonra "Sumqayıt"ın çalışdırıcısı E. Tarverdiyev tərəfə getsə də, "Neftçi"li onu öpüb.//APA