cümə, 29 mart 2024

BİZİM FUTBOL

AFFA-ya hava kimi lazım olan xal

10.09.2019 16:05 Oxundu 546

Dünən sosial şəbəkələrdə AFFA rəhbərliyinin toplantı keçirdiyi barədə xəbərlər yayıldı. Xəbərdə bildirilirdi ki, milli komandamız bu axşam uduzsa, baş məşqçi istefaya göndərilərək bütün günahlar onun boynuna qoyulacaq və beləliklə, AFFA rəhbərliyi nəfəs almaq üçün vaxt qazanacaq.
Xoşbəxtlikdən xorvatlar xorvatın qanın arasına girdi. Xorvatlarla oyunda xorvatıyalı baş məşqçi Nikola Yurçeviç Azərbaycan milli komandasında ilk xalını qazana bildi. Bu bir xal təkcə Yurçeviçi xilas etmədi, həm də AFFA rəhbərliyinin qanını bir qədər təzələdi. Artıq onların deməyə sözü var: Biz dünya ikincisi komanda ilə  qələbəyə bərabər heç-heçə etmişik, kim deyə bilər ki, bizim futbolumuz zəifdir?
Yəni Azərbaycanda futbol inkişaf edir, bunu kimsə dana bilməz. Danmaq istəyən olsa, Xorvatiya ilə matçın nəticəsini onun gözünə soxarlar.
Hər mərhələdə bir komandanı büdrədə bilirik. Buna normal dildə sensasiya, AFFA dilində isə inkişaf deyilir.  
Təsəvvür edin ki, bir xarab saatınız var, 100 ustaya göstərmisiniz, heç biri onu düzəldə biməyib. Ona görə də atmısınız stolunuzun daxılına. Əqrəbləri dayanıb, yəni işləmir. Amma bu xarab saat da sutkada iki dəfə vaxtı düz göstərir, yəni öz işini görə bilir.
 Bizim futbol da həmin xarab saat kimidir, hər mərhələdə bir və ya iki dəfə öz işini görür, yəni kimisə bədbəxt eləyir.  AFFA rəhbərliyinə də elə bu lazımdır.