şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Futbolçular niyə itirlər?

24.09.2019 14:42 Oxundu 599

Artıq neçə illərdir ki, AFFA-nın rəsmi saytı uşaq futbolunun həftəlik hesabatını dərc edir. Bu gün də həmin hesabatlardan biri tirajlanıb: "Ötən həftə AFFA-nın təşkil etdiyi U-10, U-11, U-12, Coca-Cola U-13, U-14, Boulevard Hotel U-15, U-16, Bakcell U-17 və Gənclər liqalarında ümumilikdə 229 oyun keçirilib, 2977 futbolçu meydana çıxıb".
2977 futbolçu... Bu çox böyük rəqəmdir. Təkcə onu deyək ki, Azərbaycan Primer Liqasında çıxış edən komandaların hamısının birlikdə futbolçularının sayı 200 nəfərdən çox deyil. Deməli, ötən həftə meydana çıxan futbolçularla 15 Premyer Liqa düzəltmək olar. AFFA 10 il bundan öncə də bu tip məlumatlar dərc edirdi. O vaxt da, bu gün də peşəkar futbola cavabdeh olan mütəxəssislər futbolçu qıtlığından şıkayətlənirlər. Məsələn, PFL prezidenti Ramin Musayev futbolçu çatışmazlığını daim səsləndirir. Premyer Liqa komandalarının, demək olar ki, hamısının baş məşqçiləri limitə görə heyətə daxil edilməli olan 21 yaşlı futbolçularının çatışmazlığından gileylənirlər. Görəsən bu mütəxəssislər, daha doğrusu, futbolun inkişafına məsul olan şəxslər ötən həftə keçirilən 229 oyundan hansıbasa baxıblar? Görəsən onlar bilirlər ki, hal-hazırda Azərbaycanda yaşı 17-yə qədər olan futbolçuların sayı 2977-dən çoxdur?  Bilirlərsə, onlardan niyə istifadə etmirlər? Bilirlərsə, niyə futbolçu çatışmazlığını dillərinə gətirirlər?
Bu qədər futbolçusu olan ölkənin futbolçu çatışmazlığından şikayətlənməyə haqqı varmı? Bəs bu futbolçular 17 yaşını bitirdikdən sonra niyə itirlər?
Bəlkə bu rəqəm, "quş" qoymaq xatirinə tırajlanır? Bəlkə bu rəqəm yalançı rəqəmdir? Bəlkə ötən həftə meydana çıxan futbolçuların sayı heç bu qədər olmayıb?
İndi biz kimə inanaq?
Nə bilim, vallah.

Yusif Məmmədli