şənbə, 19 oktyabr 2019

DÜNYA FUTBOLU

"Qarabağ"la görüşdən sonra hamı "Sevilya"dan danışırdı"

08.10.2019 11:19 Oxundu 172


"Luk de Yonqun oynaması baş məşqçinin qərarıdı. Küçədə, mediada yayılan söz-söhbətə əhəmiyyət verməyə lüzum yoxdu. Ona çox güvənirəm, qısa zamanda qollarını vurmağa başlayacaq". bunu "Sevilya"nın idman direktoru Monçi deyib.

Klub rəsmisi son vaxtlar əndəlüs təmsilçisinin La Liqadakı uğursuz çıxışına münasibət bildirib. O, xüsusən də, geridə qalan turda "Barselona"ya böyükhesablı məğlubiyyətin (0:4) ardından baş məşqçi Xulen Lopeteqini müdafiə edib.

Monçi yay fasiləsində transfer edilən hücumçu Luk de Yonqun hələ də qol hesabını açmamasının təsadüf olduğunu düşünür: "Barselona"nın hücumçusu Luis Suares iki ildi Çempionlar Liqasında səfər matçlarında qol vura bilmir. Luk qol vurmasa, bu, idman direktorunun uğursuzluğu olacaq. Bütün hücumçularımızla müsbət münasibətdəyəm. Məsuliyyətimi gizləmirəm, statistika məni qorumur. Ancaq qarşıda hələ uzun aylar var. "Qarabağ"la oyundan sonra Bakıdan dönəndə hamının Xulen Lopeteqi və "Sevilya" barədə necə danışdığını xatırlayıram. Cəmi 10 gün sonra isə hər şey fəlakət kimi görünür".

Qeyd edək ki, "Sevilya" Avropa Liqasında iki turdan sonra maksimum nəticə ilə A qrupuna başçılıq edirsə, La Liqada 13 xalla 6-cı pillədə qərarlaşır.