cümə, 29 mart 2024

BİZİM FUTBOL

“Qarabağ”ı evində məğlub edən tapılmadı

25.05.2016 11:24 Oxundu 2739

Cəmi bir qonaq komandasının qalib gəldiyi turdan sonra bürünc mükafatçı da müəyyənləşib. Məhz “Qəbələ” Gəncədə qələbə qazanaraq, ardıcıl 3-cü mövsüm çempionatı 3-cü pillədə başa vurdu. Beləliklə, gələn mövsüm “Qarabağ” ölkəmizi Çempionlar Liqasında, “Qəbələ”, “Kəpəz” və “Neftçi” isə Avropa Liqasında təmsil edəcək.

Biz isə ənənəmizə sadiq qalaraq, 36-cı turdan sonra maraqlı statistik məlumatlarla sizi tanış edirik.

 

“Qarabağ” - AZAL 3:0

Bu mövsüm

- “Qarabağ” ardıcıl 17-ci dəfə rəqib qapıçısını məyus etməyi bacarıb.

- Ağdam klubu öz meydançasındakı məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib. Bu mövsüm evdə keçirdiyi 18 matçın heç birində uduzmayan Ağdam təmsilçisi bunun 15-də qələbə qazanıb, cəmi 3-də rəqiblərə 1 xal sevinci yaşadıb. Komandanın mövsüm ərzində aldığı 4 məğlubiyyətin hamısı səfər görüşlərinə təsadüf edib.

- Qurban Qurbanovun yetirmələri doğma meydançalarında ardıcıl 10-cu qələbələrini qazanıblar. “Köhlən atlar” evdə sonuncu dəfə 18-ci tur çərçivəsində (19 dekabr) “Neftçi” ilə qarşılaşmada (1:1) büdrəyiblər.

- Ağdamlılar son 6 ev qalibiyyətini quru hesabla əldə ediblər. Ümumiyyətlə, “Qarabağ” qələbə qazandığı son 10 ev görüşünün cəmi 1-də qapısında qol görüb. O da 27-ci turda “Rəvan”la (5:1) matça təsadüf edib.

- “Qarabağ” bu mövsüm 66 qoldan 43-nü evdə vurub. Bunun qarşılığında komanda öz meydançasında cəmi 6 dəfə mərkəzə dəvət edilib.

- AZAL-ın iştirak etdiyi son 12 matçın hamısında meydan sahibləri ya qələbə qazanıb, ya da heç-heçə ediblər. Bunun 10-da qonaq komanda evinə əliboş dönüb.

- Bakılılar ardıcıl 6-cı dəfə səfərdən məğlubiyyətlə dönüblər. AZAL 24-cü turda “Xəzər Lənkəran” üzərindəki 1:0 hesablı qələbədən sonra qonaq olduğu bütün görüşlərdə uduzub.

- Tərlan Əhmədovun yetirmələri son 4 görüşdə qələbə üzü görməyiblər. Komanda bu 4 matçın yalnız 1-də heç-heçə etməyi bacarıb.

 

İki komandanın duelində...

- Komandaların yubuley - 30-cu oyununda “Qarabağ” 18-ci qələbəsini qazanıb.

- Ağdamlılar son 5 ev matçında rəqib qapısından minimum 2 top keçiriblər.

- AZAL son 11 görüşün yalnız 1-də qələbə qazana bilib. 1 oyunda da heç-heçə edən “təyyarəçilər” digər 9 matçda xal üzünə həsrət qalıb.

 

“Kəpəz” - “Qəbələ” 0:1

Bu mövsüm

- “Kəpəz” son 3 oyunda qalib gələ bilməyib. Komanda bunun 2-də məğlub olub.

- Gəncə təmsilçisi 6 oyundan sonra ilk dəfə rəqib qapısına yol tapa bilməyib.

- Şahin Diniyevin yetirmələri son 2 ev matçında xal üzü görməyiblər.

- “Qəbələ” Premyer Liqadakı son 9 matçın 5-də qalib gəlib. Şimallılar bu 9 qarşılaşmanın yalnız 1-də məğlubiyyətə düçar olublar.

- İki oyundur qol buraxmayan “qırmızı-qaralar” son 9 görüşün 6-da qapısının toxunulmazlığını qoruya biliblər.

- Roman Qriqorçukun yetirmələri son 5 səfər matçının yalnız 1-də uduzublar.

 

İki komandanın duelində...

- “Qəbələ” Gəncə sindromuna son qoyub. Son 3 səfər qarşılaşmasında məğlub olan qəbələlilər bu uğursuzluq seriyasına son qoyub.

- Ümumiyyətlə, 2010-cu ildən üz-üzə gələn tərəflərin duellərində “Qəbələ” ilk dəfə Gəncədə qələbə üzü görüb. Buna qədər “Kəpəz” evdə 3 dəfə qələbə qazanmış, 2 dəfə isə heç-heçə etmişdi.

- “Qırmızı-qaralar” həm də 2 oyundan sonra səfərdə rəqib qapısından top keçirməklə 4 illik seriyanı dayandırdılar. Ümumiyyətlə, “Qəbələ” Gəncədəki 6 matçdan yalnız 2-də fərqlənə bilib.

 

“Sumqayıt” - “Neftçi” 2:1

Bu mövsüm

- “Sumqayıt” çempionatda ardıcıl 3-cü qələbəsini qazanıb. “Kimyaçılar” bunun 2-ni doğma azarkeşləri önündə əldə ediblər.

- “Gənclik şəhəri” təmsilçisi son 13 matçın hamısında qapısında qol görüb. Komanda axırıncı dəfə 23-cü turda Gəncədə “Kəpəz”lə (0:0) qarşılaşmada qapısının toxunulmazlığını qoruya bilib.

- “Neftçi” ardıcıl 3 qələbədən sonra ilk məğlubiyyətini alıb.

- Buna qədər “flaqman” 5 görüş idi ki, uduzmurdu.

- Bakılılar son 5 oyunun hamısında həm qol vurub, həm də buraxıb. Əvvəlki qarşılaşmalarda olduğu kimi, bu dəfə də 3-dən az qol vurulmayıb.

 

İki komandanın duelində...

- Son 3 oyunda rəqibinə məğlub olan “Sumqayıt” bu uğursuzluq seriyasına son qoyub.

- “Gənclik şəhəri” təmsilçisi 7 matçdan sonra ilk qələbəsini qazanıb. Komanda buna qədər son qalibiyyətini 2014-cü ilin aprel ayında əldə etmişdi. Geridə qalan 7 görüşdə isə “Neftçi” cəmi 1 dəfə rəqibə heç-heçə sevinci yaşamaq imkanı vermişdi.

- “Sumqayıt” həm də evdəki uğursuzluğa son qoyub. “Flaqman”ın səfərdə ardıcıl 3 qələbə seriyasına cari mövsümün qapanış turunda yekun vurulub.

 

“Rəvan” - “Xəzər Lənkəran” 2:2

Bu mövsüm

- 3 oyunluq məğlubiyyət seriyasına 35-ci turda “Qarabağ”ı məğlub edərək son qoyan “Rəvan” bu dəfə 1 xala sevinib.

- “Sarı-qırmızılılar” ardıcıl 5-ci görüşdə də qapısında qol görüb.

- Bakılılar son 4 ev görüşünün yalnız 1-də məğlub olublar.

- “Xəzər Lənkəran”ın qalibiyyətsiz oyunlar seriyası 25-ə yüksəlib. Son qalibiyyətini 11-ci turda səfərdə “Rəvan” üzərində (1:0) əldə edən cənub təmsilçisi öz antirekordunu yeniləyib.

- “Xəzər Lənkəran” eyni zamanda ardıcıl 13-cü qarşılaşmada da qapısında top görüb.

- Əvəzində “ağ-yaşıllar” ardıcıl 12 oyunluq məğlubiyyət seriyasına son qoyublar. Lənkəranlılar axırıncı dəfə 23-cü turda “Qəbələ” ilə görüşdə bərabərliyə sevinmişdi.

- Son qalibiyyətini səfərdə əldə edən cənublular 7 aya yaxındı ki, buna həsrətdirlər. Bu müddətdə komanda 12 dəfə qonaq olub ki, bunun yalnız 2-də heç-heçəyə sevinib. “Ağ-yaşıllar” digər 10 görüşdə meydançanı başıaşağı tərk ediblər.

 

İki komandanın duelində...

- “Rəvan” ardıcıl 5-ci dəfə rəqibinə qalib gələ bilməyib.

- “Xəzər Lənkəran” isə son 4 səfər görüşünün hamısında qol vurmağa müvəffəq olub.

- Bakılılar 2 oyundan sonra rəqibi mərkəzə dəvət etməyi bacarıblar.

 

“İnter” - “Zirə” 1:0

Bu mövsüm

- “İnter” ardıcıl 5-ci oyunda rəqib qapılarına yol tapıb.

- “Bankirlər” son 5 görüşdə 3-cü qələbələrini qazanıblar. Komanda bu müddətdə yalnız “Neftçi”yə uduzub.

- Bakılılar son 4 ev matçının 3-də qələbə qazanıb, 1-də heç-heçə ediblər. Komanda “İnter Arena”da axırıncı dəfə 27-ci turda “Neftçi”yə boyun əymişdi.

- “Zirə”nin qələbəsizlik seriyası 6 oyuna yüksəlib. Adil Şükürovun yetirmələri axırıncı dəfə 30-cu turda “Xəzər Lənkəran”ı (1:0) məğlub ediblər. Paytaxt klubu son 6 oyunun 3-də bərabərliklə öyünüb.

- Komanda son 3 səfər matçında qələbə qazana bilməyib.

 

İki komandanın duelində...

- Cari mövsümdən üz-üzə gələn tərəflərin duellərində “İnter” ilk qələbəsini qazanıb.

Ömər Məmmədov