cümə, 04 iyul 2025

BİZİM FUTBOL

AFFA-nın çempionatında biabırçılıq: 14 yaşlı futbolçular hakimləri təhqir edir

15.10.2019 18:30 Oxundu 439



AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda növbəti dəfə xoşagəlməz hadisələr baş verib.
Cempion.az xəbər verir ki, gənclər, U-17 və U-14 liqasında keçirilən bəzi oyunlarda hakimlər təhqir olunub.
Gənclər Liqasının “Neftçi” – “Tufan” matçında qonaq komandanın futbolçusu Eldar Hüseynli hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.
Bənzər hadisə U-17 Liqasının “Neftçi” İK İB – “Sumqayıt” oyununda da yaşanıb. "Ağ-qaralar"ın futbolçusu Ayxan Rəcizadə hakimin söydüyü üçün 3 oyunluq cəzalanıb.
U-14 Liqasının ROFM – “Məqsəd Kursları” matçında qonaqların futbolçusu Süleyman Məmmədzadə hakimi təhqir etdiyinə görə 2 oyunluq cəzaya məruz qalıb.
Hansısa gənc və ya 17 yaşlı futbolçunun hakimi təhqir etməsini hardasa başa düşmək olar. Dünya futbolunda da belə halların şahidi oluruq. Ancaq U-14 liqasında oynayan 13-14 yaşlı uşağın özündən böyük birini (bu hakim də ola bilər, başqa şəxs də) söyməsi isə heç bir məntiqə sığmır. Yəqin, həmin futbolçulara hazırlıq keçən məşqçilər onlara təkcə futbolun sirrini yox, həm də söyüş söyməyi öyrədirlər. Çünki bunun başqa izahı yoxdur.