19.10.2019 17:00
1742


Veteran futbolçu Samir Ələkbərov Cempion.az-a müsahibə verib:
- Başlayaq "Lvov"dan ayrılmağınızdan...
- Hər şey baş məşqçi dəyişikliyi ilə bağlı oldu. Məni ora Yuri Panfilov aparmışdı. O postunda ayrılınca, mən də ayrılmalı oldum.
- Yeni baş məşqçi Vladimir Mazyar əvvəllər Azərbaycanda oynayıb, "Simurq"un formasını geyinib. Onunla tanışlığınız var idi?
- Bəli, bəli var idi, bir-birimizi tanıyırdıq.
- Nə əcəb sizə klubda qalıb işləməyi təklif etmədi?
- Açığı Mazyar təklif elədi. Sadəcə, mən özüm istəmədim.
- Niyə?
- Bilirsiniz, klubun maddi durumu yaxşı deyildi, maaşlar, mükafatlar verilmirdi. Mükafat, ümumiyyətləı, yığışdırılmışdı. Panfilov da daha çox buna görə getdi. Pul olmayandan sonra hansı yaxşı nəticəyə oynayasan?
- Yenidən Azərbaycana qayıtmısınız. Necədir bizim çempionatımızın səviyyəsi?
- Mən gedib oranı görəndən sonra bu haqda heç müqayisə aparmaq istəmirəm. "Dinamo" Kiyev, "Şaxtyor" kimi komandalara qarşı oynayırdıq. Fərq çox böyükdür. Futbolçuların səviyyəsindən tutmuş, klub idarəçiliyi, azarkeşlərə kimi hər şeydə. Ukraynada futbol çox inkişaf edib.
- Nəyin hesabına buna nail oldular?
- İspanların. Onların əksər klubları İspaniyadan uşaq futbolu üçün kadrlar dəvət edib vaxt verdilər. Nəticəsi də o oldu ki, Ukraynanın 20 yaşlıları dünya çempionu oldu.
- Bizdə də bir ara almanlaşma, sonra da xorvatlaşma getdi...
- Sistem düzgün qurulmalıdır qardaş, sistem. Ukraynada ölkəyə güclü məşqçilər dəvət edirlər bizimki kimi yox. Bizə gələn əcnəbi məşqçilər hansı səviyyədədir ki, bizə də nə isə öyrədə. Onların çoxuna "konspekt" yazıb verərəm.
- Futbolumuzun ən böyük problemi nədir?
- Avropa futbolu ilə ayaqlaşa bilmirik. Rəqib imkan verəndə oynayırıq. Elə ki tempi bir az qaldırdılar o dəqiqə dayanırıq.
- "Qarabağ" artıq indidən çempionluğu təmin etmiş sayılır...
- Çünki rəqabət yoxdur. Ona görə "Qarabağ" təkbaşına hegemonluq edir. Halbuki "Neftçi", "Zirə" kimi komandalar bu komandaya müqavimət göstərməli idi. "Neftçi"də büdcə də var futbolçu da şərait də. Amma yenə nəticə yoxdur. Demək ki, iş düzgün qurulmur. Ukraynada "Dinamo"nun hegemonluğu dövründə Mirça Luçeskunu "Şaxtyor"a baş məşqçi gətirdilər. Luçesku ilk olaraq dedi ki, mən Ukrayan səviyyəli komanda quracam. Buna görə ona 5 il vaxt verdilər və komandanı çempion elədi. Bundan sonra dedi ki, indi də Avropa səviyyəli komanda quracam. Qurdu və orada da fəxri mükafatı qazandı.
- Həm də Nazim Süleymanovun yaratdığı həmkarlar təşkilatına üzvsünüz. Məramınız, mübarizəniz nəyə xidmət edir?
- Biz bu təşkilatı mən Ukraynaya getməmişdən qabaq yaratmışdıq. Ukraynada olanda da təşkilatrın üzvü idim indi də üzvüyəm. Hədəfimiz, məramımız bəllidir: Azərbaycan futbolunu inkişaf etdirmək, neqativ halların aradan qaldırılmasına yardımçı olmaq. Çünki futbolumuzda ciddi problemlər çoxdur. Bu gün mən və mənim kimi yerli məşqçilər niyə işsiz qalmalıdır, hansısa əcnəbi gəlib burda işləməlidir. Guya bizdən artıqdılar. Gələndə də ağıllı-ağıllı hərəsi əlində bir proqramla gəlir. Onların qabağına elə proqram çıxardaram ki, başlarını tutub gedərlər.