24.10.2019 11:18
537


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edərək 1 qələbə qazanıb. Çexiya və Norveçə müvafiq olaraq 0-4 və 0-1 hesabı ilə məğlub olan futbolçularımız son oyunda zəif San-Marinonu 2-0 məğlub edib. Bununla da 7-ci qrupda 3 xal toplayan milli komandamız Çexiya və Norveçin ardınca 3-cü olaraq, növbəti mərhələyə yüksələ bilməyib. İlkin seçmə mərhələnin görüşləri bizimlə eyni qrupda yer alan Çexiyada baş tutub.
Cempion.az xəbər verir ki onsuzda turnirə yollanmadan öncə Azərbaycan komandasının qrupdan çıxmaq şansları mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmirdi. Reallıq da onu göstərdi ki, biz hələ Norveç və Çexiya kimi yığmalarla başabaş futbol oynaya bilmərik, gücümüz yalnız cırtdan San-Marinoya çata bilər.
Təbii ki, futbolumuzun indiki durumunu nəzərə alaraq futbolçuları və məşqçilər korpusunu nədəsə günahlandırmaq düzgün deyil. Hamı bilir ki, biz bu gün Avropada ən zəiflərdən biriyik. Ancaq təəssüflər olsun ki, biz Avropaya təkcə zəif futbolumuzla yox, həm də etikamız, davranışımız və nizam-intizamımızla "səs salırıq".
Acı həqiqət isə ondan ibarətdir ki, gənclərimiz, Azərbaycan futbolunun gələcəyi sayılan oyunçular, Çexiyada ayaqları top tutmamaqla yanaşı, başqa "qəhramanlığa" da imza atıblar. Belə ki, etibarlı mənbədən "Sportfm.az”-a verilən məlumata görə, milli komandamızın məskunlaşdığı otel AFFA-nı cərimələyib. Özüdə bilirsiz nə üstündə? - futbolçuların siqaret çəkərək qaldıqları otaqlara ziyan vurmasına görə! Milli komandanın, peşəkar və ən əsası 17-18 yaşı olan futbolçuların siqaret çəkdiyinə görə!
Hadisədən hiddətlənən otel rəhbərliyi təcili şəkildə federasiyasının işçilərinə durumla bağlı xəbər verib. Milli komandamızın inzibati heyəti məsələni yerindəcə ört-basdır etmək, qalmaqalın baş katib Elxan Məmmədova çatmasının qarşısını almaq üçün uşaqlardan susmağı tələb edib. Üstəlik otel rəhbərliyinə dəyən ziyanı ödəmək şərtilə yanaşı, məsələnin mətbuata sızdırılmaması üçün xahiş edilib. 500 avroya yaxın cərimə ödəyən AFFA işçiləri həmin pulları otaqlarını tüstü-dumana bürüyən uşaqların "sutoçnı"sından çıxıb. Təbii ki, bu da sirr kimi hamıdan gizli saxlanılıb. Bununla da məsələ yerindəcə operativ şəkildə "həll edilərək", bir daş altda, bir daş üstdə qoyulub. Bu özbaşnalığı ictimaiyyətdən gizlədənlər bilmirlər ki, bu hadisə birbaşa Azərbaycanın nüfuzuna vurulan zərbədir. Belə görünür ki, uzun illərdir xarici səfərlərə yollanan millilərimizin çox belə "şücaət"ləri olub, sadəcə hər dəfə AFFA rəhbərliyi həmin hadisələri "quyunun dibinə" atmağı bacarıb.