
AFFA gözlənilmədən 21 yaşadək futbolçulardan ibarət milliylə bağlı araşdırmaya start verib.
Cempion.az-ın məlumatına görə, bu, komandanın Avropa çempionatının seçmə mərhələ oyunlarıyla əlaqədardır.
İkinci qrupda yer alan yığma ilk turda Lixtenşteynə yenilib - 0:1. Milan Obradoviçin çalışdırdığı kollektiv Slovakiya üzərində qələbə qazansa da (2:1), son üç oyunda Gürcüstana 0:3, Fransaya 0:5 və İsveçrəyə 0:1 hesabıyla uduzub. Cəmi 3 xalı olan U-21 qrup sonuncusudur.
Federasiya UEFA-dan daxil olan növbəti siqnalın arxasınca düşüb. Məsələ ondadır ki, komandamızın Fransayla səfər oyununa külli miqdarda pul qoyuluşu edilib.
Təkcə ev sahiblərinin yığmamıza 4-dən artıq top vuracağına isə 200 min dollar yatırılıb. Məlumat ciddi və düşündürücü olduğundan, UEFA AFFA-dan araşdırmada iştirak etməsini istəyib. (sportinfo.az)