
Sərbəst güləş üzrə millimizin baş məşqçisi Saypulla Absaidovun Nur-Sultanda keçirilən dünya çempionatında öncə komandamızdan gözlənilmədən getməsi müzakirələrə səbəb oldu.
Cempion.az qafqazinfo-ya istinadla xəbər verir ki, dağıstanlı çalışdırıcının komandanı qoyub getməsinin səbəbi maddi məsələlərdir.
Uzun müddətdir Azərbaycan Güləş Federasiyasından maaş ala bilməyən məşqçinin DÇ ərəfəsi səbr kasası daşıb. Absaidov federasiya rəhbərliyindən pulunun verilməsini tələb edib.
Lakin buna nail ola bilməyib. Hətta komandanın üzvləri də baş məşqçinin tərəfində olub. Onlar da maddi məsələlərin həllini tələb ediblər. Problemlər həll olunmadıqda isə Absaidov komandanı tərk eləyib.
Federasiyadan verilən məlumata görə isə Absaidovun maaşında heç bir problem olmayıb. Sadəcə, o, özü gözlənilmədən komandanı ataraq gedib: “Onun maaşında heç bir problem olmayıb. Maddi tərəfdən sıxıntı yaşamayıb. Təlim-məşq toplanışları da onun hazırladığı plan üzrə təşkil olunub. Federasiyaya xəbərdarlıq etmədən və problemini bildirmədən gedibsə, buna görə məsuliyyəti özü daşıyır”.
Sportinfo.az isə bununla bağlı başqa məlumat əldə edib. Redaksiyamıza daxil olan xəbərə görə, dağıstanlı mütəxəssis səhhətində yaranan problemləri əsas gətirib.
Absaidov federasiya rəsmiləriylə telefon danışığı zamanı əsəb sarsıntısı keçirdiyini və ayağında ağrıların əmələ gəldiyini bildirib. Baş məşqçi ciddi müəlicə kursu götürməli olduğunu, buna isə imkanının çatmadığını deyərək, Bakıya qayıtmağa yolpulu tapmadığını iddia edib.