bazar ertəsi, 30 iyun 2025

DÜNYA FUTBOLU

Pulu yox, peşəsini hər şeydən üstün tutan sarışın - Pavel Nedved
 

04.11.2019 17:00 Oxundu 789


Pavel Nedved. Bu ad futbol həvəskarlarıanm yaxşı tanışdır. Çexiya millisinin və “Yuventus”un sabiq üzvü sözün əsl mənasında adını futbol tarixinə qızıl hərflərlə yazdırdı. Həm oynadığı futbol, həm də insani keyfiyyətləri ilə. Pavelin böyük futbolda parladığı illər 1996-cı il İngiltərədə keçirilən Avropa çempionatına təsadüf etdi. Həmin vaxt Çexiya millisi heç kimin gözləmədiyi halda finala kimi gəlib çıxa bildi. Onlar burda da sensasiyaya çox yaxın idilər. İkinci hissənin əvvəllərində Patrik Berger onbirmetrlik cərimə zərbəsindən hesabı açdıqdan sonra almanların işi xeyli çətinləşdi. Oyun sona yaxınlaşdıqca, hər kəs çexlərin qələbəsini və sensasion Avropa çempionluğunu təsəvvür etməyə başladı. Lakin Berti Foqtsun əvəzləməsi hər şeyi dəyişdi. Belə ki, onun meydançaya buraxdığı “qızıl oğlan”ı Oliver Birhoff öncə hesabı bərabərləşdirdi, ardınca isə, əlavə vaxtda qələbə qolunu (o vaxt “qızıl qol” qüvvədə idi) vuraraq komandasına Avropa çempionu adını qazandırdı. Lakin məğlubiyyətə baxmayaraq 23 yaşlı Nedvedin də heyətində yer aldığı Çexiya millisi hər kəsin rəğbətini qazanmağı bacardı. Pavel isə öz oyunu ilə daha çox diqqət mərkəzinə düşdü. O, meydançada dayanmadan işləyən maşına bənzəyirdi və demək olar yorulmaq bilmirdi. Təsadüfi deyildi ki, həmin çempionat onun karyerasında dönüş nöqtəsi oldu və İtaliyanın “Latsio” klubu gələcəyin parlaq ulduzunu əldən buraxmadı. Daha doğrusu digər Avropa nəhənglərini qabaqlayaraq sarışın gənci öz heyətinə qatdı.


Həmin vaxta kimi isə Pavel daha çox öz ölkəsində tanınırdı. Ümumiyyətlə Nedvedin karyerasına qısaca nəzər salaraq deyək ki, o, futbolla 5 yaşından məşğul olmağa başlayıb. İlk komandası isə 1972-ci ilin 30 avqustunda dünyaya göz açdığı keçmiş Çexoslavakiyanın Xeba şəhərciyinin “Tatran” olub. Qeyd edək ki, Xebe Çexiyanın o qədər də böyük olmayan Skalna qəsəbəsinə aiddir və Almaniyanın Bavariya əyaləti ilə həmsərhəd bölgədə yerləşir. 13 yaşına kimi burada məşq edən yeniyetmə Pavel 13 yaşında “Qırmızı Ulduz”a keçir (çex dilində bu klubun adı “Ruda Hvezda Cheb” adlanır ). 1 il sonra isə Plzenin “Şkoda” komandasının düşərgəsinə təşrif buyurur. Nəhayət, 1991-ci ildə 19 yaşlı Nedved ilk peşəkar müqaviləsinə imza atır və “Dukla”nın formasını geyinməyə başlayır. Qısa zamanda özünü ən yaxşı tərəfdən göstərən yarımmüdafiəçi debüt mövsümündəcə 19 oyunda forma geyinir və 3 qola imza atır. Məhz elə bu göstəricilər kifayət edir ki, Çexiyanın iki nəhəngindən biri olan Praqa “Çexiya”sı onu “qamarlasın”. Belə ki, mövsüm başa çatan kimi “Dukla”ya edilən sərfəli təklif qarşılıqsız qalmır və 20 yaşlı Nedved “Sparta”ya keçir. Burada isə o sözün əsl mənasında özünün bütün potensialını, liderlik keyfiyyətlərini ortaya qoyur. 4 mövsüm Çexiya paytaxtında forma geyinən qəhrəmanımız “Sparta” forması altında meydançaya çıxdığı 98 matçda rəqib qapılarından 23 qol keçirdir.


Məhz bunun nəticəsində Çexiya millisinə də dəvət alır və milli komandanın da aparıcı futbolçusuna çevrilməyi bacarır. Yazının girişində qeyd etdiyimiz kimi, Çexiya millisinin Avro-96-dakı gözəl çıxışı və Nedvedin diqqətçəkən oyunu onun Avropanın böyük klublarına olan yolunu açır. 1996-cı ildən etibarən Romanın “Latsio” klubunda forma geyinən Pavel İtaliya paytaxtında 5 il çıxış etdi. Bu arada qeyd edək ki, “Latsio” ilə bərabər Hollandiyanın “Eyndhoven” klubu da gənc oyunşunu heyətinə qatmaq istəyirdi. Lakin, daha cəld tərpənən romalılar 4,5 milyon dollar müqabilində istəklərinə nail oldular. Pavelin A seriyasındakı debüt matçı 7 sentyabr 1996-cı ildə “Boloniya”ya qarşı oldu. Debüt gözləniləndən də uğurlu alındı və Nedv ed ilk mövsümdəcə rəqib qapılarından 11 qol keçirməyi bacardı. Onun bu klubdakı ikinci mövsümü isə daha möhtəşəm oldu. Belə ki, Nedvedli “Latsio” İtaliya kubokunun finalında “Milan”I məğlub edərək fəxri mükafata sahib çıxdı. 1998-ci ildə isə İspaniyanın “Atletiko” klubundan Nedvedə çox yaxşı təklif gəldi. Hansı ki, şərtlər “Latsio”dakından daha yüksək idi. Lakin madridlilərin təklifini rədd edən Nedved Romada qalmağa qərar verdi. Nəticədə İtaliyada ikinci titulunu qazabdı. Superkubokun finalında “Yuventus” üzərində qazanılan 2:1-lik qələbəyə Pavel vurduğu qolla töhvə verdi. “Latsio” 1999-ci ildə növbəti titulunu qazandı. Belə ki, romalılar Kuboklar Kubokunun finalında İspaniyanın “Malyorka” klubu 2:1 hesabıyla məğlub etdilər. Nedved bununla da Avropa miqyasında ilk titulunu qazandı. 


1999-2001-ci illər də yaddaqalan oldu. Ümumiyyətlə, həmin illər “Latsio” A seriyanın ən güclü komandalarından idi. 1999-cu ildə Avropa Superkuboku uğurunda matçda “Latsio” İngiltərənin “Mançester Yunayted” klubunu da məğlub etməyi bacardı. Həmin mövsüm Pavel “Latsio”nun heyətində cəmi 5 qol vurdu. Amma bu qolun hər biri 10 qola bərabər oldu. Belə ki qollardan biri 100 illik yubileyini qeyd edən “Boloniya”nın qapısına vuruldu. Daha bir qolu isə çexiyalı “Latsio”nun əbədi “düşməni” olan “Roma”nın qapısına vurdu. Hansı ki, məhz bu qol “Yuventus”la çempionluq mübarizəsində romalılara çox böyük kömək etdi. Çünki Nedvedin qolu ilə “Roma” üzərində qazanılan qələbə ikinci pillədə qərarlaşan “Yuventus”la aradakı xal fərqini 9-a çatdırdı və yekunda “Latsio” A seriyanın çempionu adını qazandı. Artıq Nedvedin ünvanına gələn təkliflərin sayı-hesabı yox idi. Ən cəbedici təklif isə “Mançester Yunayted”dən gəldi. Belə ki ingilis klubu Pavelə “Latsio”dakından 2 dəfə çox pul təklif etsə də çexiyalı yarımmüdafiəçi yenə “yox” dedi və pulu yox, karyerasını üstün tutdu. Çünki həmin vaxt “Latsio”da işlər əla gedirdi və pulu üstün tutub oradan ayrılmaq düzgün addım olmazdı.


Nəhayət, 5 mövsümlük çıxışın, 207 oyunda vurulan 51 qolun  ardından  Nedved 2001-ci ildə klubunu dəyişdi və “Yuventus”a keçdi. Zaman göstərdi ki, həmişə səbirli davranan, pulu, şöhrəti yox peşəkarlığı düşünən, hər şeyi zamanına və durumuna görə təhlil edərək ən doğru addımı atan Pavel yenə səhv etmədi. “Yuventus” onun üçün “Latsio”ya 50 milyon dollar ödədi. Lakin Nedved pu pulun qarşılığını layiqində verdi və karyerasının sonuna kimi “Yuventus”a vicdanla xidmət elədi. “Yuventus” onu “Real”a keçən Zidana əvəzləyici kimi almışdı. Qəhrəmanımız dab u vəzifənin öhdəsindən artıqlaması ilə gəldi. O, Turin klubunda daha böyük uğurlara imza atdı. Xüsusilə 2002-03-cü il mövsümü yaddaqalan oldu. Çünki məhz bu mövsümün yekunlarına əsasın Nedved Avropanın “Qızıl top” mükafatını aldı və hamıdan güclü olduğunu sübut etdi. Bu, həm də Çexiya futbolunun tarixinə düşdü. Belə ki, son 40 ildə Çexiyadan heç kim bu ada layiq görülməmişdi. Elə həmin ilə “Peruca” ilə matçda 40 metrdən vurduğu fantastic qol isə uzun müddət “Yuventus” azarkeşlərinin yaddaşından silinməyəcək. 2004-05 və 2005-06-cı il futbol mövsümləri də əla keçdi və “Yuventus” ard arda iki mövsüm İtaliya çempionu adını qazandı. Amma…


Aparılan araşdırmalar zamanı şok faktlar üzə çıxdı və məlum oldu ki, Turin klubu bu çempionluqları qazanarkən xeyli oyun alqı satqısına yol verib. Elə təkcə bir faktı qeyd edək ki, 2005-06-ci il qazanılan çempionluq zamanı “Yuventus” mövsümün 34 oyunundan 18-də rəqiblərini pulla almışdı. Yekun nəticə isə gözlənilən kimi ağır oldu və İtaliya futbolunun nəhəngi B seriyasına göndərildi, hər iki çempionluq klubun əlindən alındı. Həmin vaxt çox ağır günlər idi. “Yuventus” tarixinin ən çətin günlərini yaşayırdı. Aparıcı futbolçuların çoxu B seriyasında oynamaqdan imtina edərək klubu tərk etdilər və A seriyasının klublarına getdilər. Yalnız bir neçə futbolçu əsl peşəkarlıq nümunəsi göstərərək, şanı şöhrəti, pulu üstün tutmayaraq, “Yuventus”da qalmağa qərar verdilər ki, Pavel Nedved də həmin futbolçuların sırasında idi. Halbuki Avropanın ən nəhəng klubları ona çox cəlbedici təkliflə müqavilə təklif edirdlər. Lakin Nedved və komandaya sadiq digər futbolçular “Yuventus”u yenidən A seriyasına qaytaracaqlarına söz verdilər və sözlərinin üstündə də durdular. Pavel isə meydançaya çıxdığı 33 matçda rəqibq apılarına 11 qol vurmaqla bu işdə öz yardımını əsirgəmədi. Daha sonra Nedved daha 2 mövsüm “Yuventus”un formasını geyindi və nəhayət, 2009-cu ildə 37 yaşında futboldan getdi. Baxmayataq ki “İnter” ona 2 illik müqavilə təklif edirdi. Lakin ailəsi ilə də məsləhətləşən pavel karyerasına “Yuventus”da nöqtə qoydu. Ailıdən söz düşmüşkənq eyd edək ki, Nedvedun İvanoy adlı xanımı, Pavel adlı oğlu və İvana adlı qızı var. Veteran futbolçu hazırda da “Yuventus”dadır və bu klubda vitse-prezident vəzifəsində çalışır.


Bu arada futbolçunun yığma karyeraspına da qısaca nəzər salaraq qeyd edək ki, o ilk dəfə milli formanı 1994-cü il iyunun 5-də İrlandiya millisinə qarşı geyinib. Yazının girişində qeyd etdiyimi kimi, yığmadakı ən böyük uğuru 1996-ci il Avropa çempionatında qazandığı gümüş medal olub. 2004-cü ildən isə o milli komandanın kapitanı olub. Yığma karyerasına isə klub karyerasından 3 il tez-2006-cı ildə son qoydu və bunu gücünün eyni anda həm yığma həm də kluab yetməməsi ilə izah etdi. Halbuki çexiyalı azarkeşlər onun yığmçadan gedişini istəmirdi. Bununla belə 2006-cı ilin 16 avqustunda Serbiya ilə keçirilən yoldaşlıq görüşündə Nedved son dəfə milli formanı geyindi. Nə qədər təəssüflə olsa da qeyd etməliyik ki, Rayan Giqqs kimi Pavel Nedvedə də dünya çempionatının final mərhələsində oynamaq qismət olmadı.