
Qızlardan ibarət Çexiya millisinin baş məşqçisi Karel Rada və hücumçular - Andrea Staşkova ilə Katerina Svitkova AÇ-2021-nin seçmə mərhələsinin qrup mərhələsi çərçivəsində noyabrın 7-də Azərbaycana qarşı keçirəcəkləri oyun haqda danışıb.
Cempion.az xəbər verir ki, baş məşqçi millimizə qarşı keçiriləcək oyunla bağlı bunları deyib: "Sabahdan Bakıda keçiriləcək oyuna görə məşqlərə başlayacağıq. Bizim məqsədimiz dəyişmir, mütləq qalib gəlməliyik. Azərbaycanla oyunda başqa məqsəd ola da bilməz".
Komandanın forvardı Staşkova da məqsədlərinin qələbə olduğunu söyləyib: "Qələbəyə hazır olmalıyıq. Uğurlu nəticə üçün maksimum gücümüzü qoyacağıq. Təbii ki, asan olmayacaq. Azərbaycan da bizi təəccübləndirə bilər".
Çexiya millisinin digər aparıcı üzvü, Katerina Svitkova oyunla bağlı fikirlərini bildirərkən, millimizin İspaniyaya qarşı oyununu da xatırlayıb: "Azərbaycana qalib gələrək Avropa çempionatına bir az da yaxınlaşmaq istəyirik. Asan olacağını düşünmürəm. Azərbaycanlı futbolçuların oyunboyu müdafiə olunacağını, hətta simulyasiya edib, oyunun vaxtını uzadacaqlarını da düşünürəm. Necə ki, bunu İspaniyaya (0:4) qarşı oyunda etmişdilər. Azərbaycanın oyunlarını süni örtüklü meydanda keçirməsi bizim üçün problem yaradarmı? Biz süni örtüklü meydana öyrəşmişik. Hərdən bir həftə məhz süni örtüklü meydanda məşq edirik. Qışda oyunlarımızı da bu cür meydanlarda oynayırıq. Yəni, belə stadionlara öyrəşmişik, bizim üçün problem olmayacaq”.