çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Kintana Avropa Liqasının ən yaxşıları sırasında

09.11.2019 16:33 Oxundu 428


Avropa Liqasının qrup mərhələsinin IV turundan sonra klub və futbolçuların statistik göstəriciləri açıqlanıb. 

Cempion.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinin ən yaxşıları arasında Azərbaycan çempionu “Qarabağ” da təmsil olunub.

APOEL-lə Kiprdəki qarşılaşmada (1:2) Maksim Medvedevin qolunun məhsuldar ötürməsini verən Dani Kintana ən yaxşı assistentlər siyahısında yer alıb. O, qrupda 3-cü dəfə məhsuldar ötürmə verib.

Nikosiyada zədələnərək meydanı tərk edən ispaniyalı bu göstəricidə turnirin ikincisi adına şərikdir. Yalnız “Braqa”nın üzvü Qaleno daha çox – 5 assistə imza atıb. Kintana Mohamed İhattaren (PSV), Vadis Odjidja (“Gent”), Anton Medyalkov (“Lüdoqorets”) ilə eyni göstəriciyə malikdir.

“Qarabağ”ın özü isə qapıya zərbələrdə ön sıralardadır. 4 matçda rəqib qapılarını 22 dəfə nişan alan Ağdam klubu “Espanyol”la eyni göstəriciyə malikdir. Bu cütlük Avropa Liqasında 4-cü yerə şərikdir. Onlar yalnız “Sevilya” (35), “Alkmaar” (31) və “Sportinq”dən (25) geri qalırlar.