cümə, 29 mart 2024

BİZİM FUTBOL

Tərlan Əhmədov: "Heç kim futbolçularımı aşağılaya bilməz"

10.11.2019 01:11 Oxundu 575


"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XI turunda "Neftçi"ni 2:1 hesabıyla məğlub edtikləri matçdan sonra mətbuat konfransı keçirib. Cempion.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib. 

 

- İlk növbədə xalqımızı Bayraq Günü münasibətilə təbrik edirəm. Qoy, bayrağımız daim yüksəlsin, ona baxaraq fəxr edək. Son zamanlar qol vəziyyətlərimizdən istifadə edə bilmirdik və xallar itirirdik. Bu, məni daha çox məyus edirdi. Bu gün komanda sadəcə, möhtəşəm oynadı. 90 dəqiqə sürətli oyun izlədik. Komanda iradə göstərərək əzmkar qələbə qazandı. Bu, məni sevindirir. Bu 3 xal bizə çox lazım idi. "Neftçi" kimi komandaya qalib gəlmək daha önəmlidi.

 

- Oyunun son dəqiqələrində "Neftçi"nin məşqçisi Füzuli Məmmədovla mübahisəniz oldu...

- Futbol emosional oyundu, belə matçlarda əsəblər gərginləşir. Heç vaxt rəqibə qarşı aqressiv olmuram. Vaxtilə AZAL-da da belə insident olmuşdu. Rəqib məşqçisinin futbolçularıma irad bildirməyə haqqı yoxdu. Sadəcə, cavab verməli idim ki, futbolçularımın arxasında baş məşqçi, rəhbərlik var. Heç kim futbolçularımızı aşağılaya bilməz. Hərə öz komandasıyla məşğul olmalıdı.

 

- Qış fasiləsinə az qalıb. Tranfer siyahısını artıq hazırlamısınız?

- Hələ yox. Kuboku da nəzər alsaq, 5 oyun qalıb. Sonra vaxtımız olacaq. Hücum xəttinə 2-ci oyunçu axtarırıq. Biz də yeni nəfəs istəyirik. Qarşıda 3 ağır oyunumuz var. Liderlər qrupunda qəralaşmaq üçün maksumum xal toplamalyııq.

 

- "Keşlə" rəqibi birnəfəsə keçdi və burda Sezarın böyük rolu oldu. Sizə elə gəlmir ki, komandanız bir futbolçudan asılıdı? O rəqibə uyğun motivasiyalı oynayır...

- Hər bir klubda bir futbolçu liderliyi üzərinə götürür. Dani Kintananın Kiprdə zədələnməsi Qurban Qurbanovu nə qədər çətinə saldı. Zidan, Ronaldo nümunələri var. Yeni komanda formalaşdırmışıq. Sezar əməliyyatdan sonra bir il oynamayıb. İndi özünə gəldiyi halda yavaş-yavaş komanda oyunu formalaşdırmağa çalışırıq. Onun liderliyi göz önündədi. Futbolçular da ondan oyun quruluşunu tələb edir. Lider kimi xeyri dəyirsə, niyə istifadə etməyək?

 

- Sizdən də öncə "Neftçi" onunla maraqlanırdı. Bəlkə məhz bu səbəbdən xüsusi motivasiya ilə çıxıb?

- Bunu bilmirəm, ilk dəfə sizdən eşidirəm. Klubuyla uzun müddət danışıqlarımız olub. Futbolçuları motivasiya etmək üçün dünən tamam başqa üsula əl atmışdım, bu da bəhrəsini verdi. "Qarabağ" və "Neftçi" kimi komandalara qarşı qarşı xüsysi motivasiyaya ehtiyac yoxdu. Sezarın yaxşı oyunlarından biri idi. Bundan da yaxşı oynaya bilər.

 

- Bildiyimizə görə, Füzuli Məmmədovla komanda yoldaşı olduğunuz vaxtda da münasibətiniz soyuq olub. Bəlkə, bunun təsiri idi?

- Yadıma gəlmir ki, Füzuliylə soyuqluğum olsun. Ümumiyyətlə, futbolumuzda belə insan yoxdu. Onunla uzun bir səfərə getmişik - 24 günlük. Sadəcə, məşqçilər arasında da emosiyalar olur. Futbolun gözəlliyi bunun üzərində qurulub. Onunla matçdan sonra görüşə bilmədik. Ya sabah görüşərik, ya bu axşam telefonla danışacam.

 

- Akkreditasiya kartı ikinci hissədə boynunuzda deyildi. Buna aydınlıq gətirərdiniz...

- İlk hissədə boynumda idi. Fasilədə namaz otağında qalmışdı. Sonra mənə bunu xatırlatdılar. Başqa səbəb yox idi.