
Keçmiş ispaniyalı hakim Eduardo İtturalde Qonsales şok açıqlama verib.
Cempion.az xəbər verir ki, 14 il FIFA referisi olmuş 52 yaşlı sabiq ədalət təmsilçisi Ukraynada ona xeyli miqdarda kürü təklif edilməsini danışıb:
"Oyundan qabaq mənə Kiyevdə oteldə elə bir otaq ayırmışdılar ki, İspaniyadakı evimdən geniş və böyük idi. Otağa daxil olanda hər tərəfdə kürü dolu bankaların olduğunu gördüm. Hamamda, soyuducuda, hətta yastığın altına da kürü qoymuşdular. Bu an yadıma həmyerlim Xesus Lopes Nyeto düşdü. Dolu bankaların hamısını götürmədik. Köməkçilərimə dedim ki, yalnız bir banka götürmək olar".
1995-ci ildə ispaniyalı digər hakim Atonio Xesus Lopes Nyeto bildirmişdi ki, Kiyev "Dinamo"su onu ələ almaq istəmiş və qarşılığında xeyli miqdarda pul, bahalı xəz dərili palto təklif etmişdi. Məhz referinin bu açıqlamasından sonra UEFA Ukrayna klubunu Çempionlar Liqasının 1995/1996-cı illər mövsümündə iştirakına qadağa qoymuşdu.