cümə, 29 mart 2024

BİZİM FUTBOL

Bölgə futboluna qoyulan əngəl

13.11.2019 13:00 Oxundu 436

Bu gün ölkə kubokunun püşkatma mərasimi keçiriləcək. Mərasim saat 15:00-da AFFA-nın inzibati binasında baş tutacaq. Məlum olduğu kimi, bu mövsüm ölkə kubokunda 12 komanda mübarizə aparacaq: "Qarabağ", "Keşlə", "Neftçi", "Sumqayıt", "Səbail", "Zirə", "Qəbələ", "Sabah", "Zaqatala", "Kəpəz", "Ağsu" və "Qaradağ Lökbatan". Təbii ki, komanda sayı çox azdır. Həddindən artıq azdır. Halbuki bir vaxtlar Azərbaycan kubokunda kifayət qədər komanda çıxış edər, bütün liqalar bu yarışda təmsil olunardı. Təəssüf ki, bu dəfə I Diviziondan cəmi 4 komandaya kubokda oynamaq icazəsi verildi. Divizionun lideri "Turan Tovuz və son çempion MOİK-in maliyyə durumunu əsas gətirərək yarışdan imtinası xüsusilə qaranlıq qaldı. Görəsən AFFA-nın Premyer Liqaya gətirmək istədiyi "Turan Tovuz"a yol pulu verməyə gücü çatmadı? Yoxsa Müdafiə Nazirliyinin MOİK-ə avtobus ayırmaq imkanı yoxdur? 

Düşünmək olardı ki, futbolda kütləviliyi artırmaq üçün "Region Liqa" komandalarını da bu yarışa cəlb etmək olardı. Lakin nəinki bunu etdilər, hətta müraciət edənlərə də rədd cavabı verildi. Nə imiş ki, bura peşəkarların yarışıdır, həvəskarların oynaması məqsədəuyğun deyil. I Divizionumuzu tanımasaq həqiqətən də peşəkarlıq yalanını udacaqdıq. Görəsən I Diviziondakı hansı komanda bizim federasiya üçün peşəkar hesab olunur? Bütün ictimaiyyət bilir və görür ki, I Divizion hansı biabırçı durumdadır. Şübhəli oyunların sayı durmadan artır, elə klub var futbolçusuna 200 manat maaş verir, məşq etməyə meydança tapmırlar və s. Budur peşəkarlıq? Bu cür gülünc səbəblə "Region Liqası"ndakı komandaların önü niyə kəsildi? 

İkinci tərəfdən, hansı qanunda, qaydada  yazılıb ki, həvəskar statuslu komandalar kubokda oynaya bilməz? Başımızı qaldırıb qonşu Rusiyaya, Türkiyəyə, Gürcüstana baxaq. Orada kubok yarışlarında az qala bütün liqalar təmsil olunur. Bəli, hansısa "Region Liqa" komandası gedib kuboku götürən deyil. Amma onların kubokda iştirakı həmin komandalara, onların təmsil etdiyi bölgəyə, oranın azarkeşlərinə necə futbol atmosferi yaşadacaqdı. AFFA niyə onları bu ab-havadan məhrum edir? Onsuz ilkin mərhələdə "Region Liqa" komandaları böyük ehtimal öz aralarında oynayacaqdı və ən güclülər növbəti mərhələyə keçəcəkdi. Təbii ki, növbəti mərhələyə keçənlər də ən güclü və ən imkanlılar olacaqdı. Həmin komandalara baxan şəxslər hansısa uzaq səfər üçün də vəsait tapardılar. Göründüyü kimi, AFFA yaradılan bu cür mane ilə həm də futbolun kütləviliyinin qabağını alır. Kütləviliyin qarşısına sədd çəkilən yerdə isə futbol heç vaxt inkişaf etməyəcək...