cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

"Dudelanj" - "Qarabağ" oyununda baş verənlərlə bağlı istintaq davam edir

14.11.2019 10:44 Oxundu 409


Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Düdelanj” - “Qarabağ” oyunu zamanı baş vermiş erməni təxribatı ilə bağlı Lüksemburqda istintaq davam edir.

Cempion.az Lüksemburq mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik naziri Fransua Bauş yerli parlamentin deputatları Nensi Kepm-Arendt və Pol Qallın sorğusunu cavablandırarkən deyib.

Nazir Lüksemburq polisinin “Jozi Bartel” stadionunda keçirilən görüşdə xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə UEFA tərəfindən məlumatlandırılmadığını bildirib: “Matçın gedişində stadionun üzərində dronun uçma ehtimalı barədə də heç bir xəbərdarlıq edilməyib. Erməni separatçılarının bayrağı asılan dron stadionun üstündən uçan zaman vəziyyətin kəskinləşəcəyi ehtimal edildikdə, dərhal əlavə dəstək üçün 30 agent çağırıldı. Dron və onu idarə edənlər tapılmadı. Nəzarət kameralarının görüntülərinin keyfiyyəti zəif olduğundan oradan da heç bir nəticə əldə edilmədi. İstintaq davam edir. Yaxın həftələrdə məlumat veriləcək.
 

Xatırladaq ki, “Qarabağ”ın 4:1 hesabı ilə qalib gəldiyi matçın 30-cu dəqiqəsində dronla meydanın mərkəzinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nın endirilməsinə cəhd edilib. Amma “Qarabağ”ın futbolçuları bunun qarşısını ala biliblər. Təxribat səbəbindən hakim görüşü 20 dəqiqə müddətində dayandırmalı olub.