
AVRO-2020-nin seçmə mərhələsində ötən axşam keçirilən Fransa-Moldova qarşılaşmasında ikincilərin heyətində "Səbail"in legioneri Yevgeni Koçuk da çıxış edib.
Cempion.az xəbər verir ki, start heyətdə meydana çıxan Koçuk bütün oyunu əvəzlənmədən keçirib. Moldovanlar son dünya çempionlaır ilə dueldə 9-cu dəqiqədə hesabı açaraq "Stad de Frans"a toplaşan 70 min azarkeşi şoka salıb.
Fransızlar 35-ci dəqiqədə hesabı bərabərləşdirsələr də, qələbə qolunu xeyli gec - 79-cu dəqiqədən Olivye Jirunun penalti zərbəsi ilə vurublar. Bu qələbə ilə Fransa AVRO-2020-yə vəsiqəni təmin edib. Moldova millisi isə əvvəlkitək 3 xalla seçmə qrupda sonuncu yerdədir.
"Səbail"in moldovalı legioneri Yevgeni Koçuk milli komandanın əvvəlki baş məşqçisi Semyon Altmanla yola getmədiyi üçün özbaşına yığmanın düşərgəsini tərk etmişdi. Yeni baş məşqçi - türkiyəli Engin Firat isə Koçukun bu hərəkətini bağışlayaraq onu yenidən milliyə qaytarıb.