çərşənbə axşamı, 10 dekabr 2019

BİZİM FUTBOL

"Region Liqası"na oynayan komandanı olimpiya kompleksinə buraxmırlar: pul davası

18.11.2019 15:00 Oxundu 208

Bu mövsümdən ilk dəfə Region Liqasında çıxış edən “Mil”in kapitanı Kamal Qasımov gündəm ola biləcək açıqlama ilə yadda qalıb.

Cempion.az xəbər verir ki, o, Beyləqan Olimpiya İdman Kompleksinin müdiri Atif Əhədovun futbolçuları kompleksin meydanına buraxmadığını açıqlayıb.

Onun sözlərinə görə, müdir həmin məkanda məşq etməyə imkan vermir. Kapitanın fikrincə, komandanın məğlubiyyətləri məhz bundan qaynaqlanır.

“CBC Sport”a açıqlama verən Qasımov məsələ ilə bağlı bunları deyib: “Liqada ilk oyunumuzu “Şamaxı”ya qarşı keçirməliydik. Yüksək səviyyədə açılış etdik. Liqanın təşkilatçıları da bildirdilər ki, komandalar arasında ən gözəl açılış mərasimini məhz biz təşkil etmişik.
Kompleksin rəhbərliyinə məşq etmək üçün nə qədər müraciət etsək də, icazə vermədi. Bizə dedi ki, olmaz. Biz bu bölgəni təmsil ediriksə, stadiondan da yararlanmalıyıq. 4 aydır belə davam edir. 90 dəqiqəlik oyun üçün bizdən 100 manat istədi. Həftədə 2-3 dəfə məşq etmək üçün ondan yer istəyirik, ancaq vermir. Bunu da qəsdən edir”.
Adını çəkdiyimiz telekanalın əməkdaşı kompleksin rəhbəri Atif bəyin də fikirlərini öyrənib: “Mil” Olimpiya İdman Kompleksini təmsil etsəydi, komandanın çalışdırıcısı kompleksin məşqçisi olsaydı, heç bir təmənna olmadan oyun və məşqlər üçün stadion onlara verilərdi.
Bu komanda həvəskarlardan qurulub. Özləri təşəbbüs irəli sürüb, komanda formalaşdırıb AFFA-ya müraciət ediblər ki, Region Liqasında çıxış etsinlər. Assosiasiya da onlara razılıq verib. Komanda üzvlərinin, demək olar ki, hamısı müxtəlif yerlərdə işləyirlər.
Axşam 5-dən, 6-dan sonra məşq etmək istəyirlər. Onlarla sonuncu görüşümüzdə dedim ki, bizdə müəyyən xidmət haqları var ki, o da sizə sərf etməyəcək. Xidmət haqları dedikdə nəyi nəzərdə tuturam?
Məşqlər axşam saatlarında olduğundan işıqlandırma olmalıdı. Bundan başqa, məşqdən sonra yuyunmaq üçün sudan istifadə olunur ki, bunlar hamısı məsrəf deməkdi.
Biz demirik ki, külli miqdarda vəsait ödəməlidilər. Təsərrüfat hesablı təşkilat olduğumuzdan xidmət haqqının olması da anlaşılandı”.
Ümumi ərazisi 2,6 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Müasir standartlara cavab verən meydançanın tribunaları 1900 tamaşaçı tutumuna malikdir.