bazar, 11 may 2025

BİZİM FUTBOL

Novruz Əzimov: "İşlədiyi dönəmdə Qurban Qurbanova köməklik göstərilmədi" - MÜSAHİBƏ

25.11.2019 13:00 Oxundu 1691

Tanınmış futbol veteranı AFFA Həmkarlar İttifaqının idarə heyətinin üzvü Novruz Əzimov Azərbaycan futbolunun son durumu ilə bağlı Cempion.az-a müsahibə verib:



- Novruz bəy, Avro-2020-nin seçmə mərhələ oyunları başa çatdı. Nəticə - 8 oyunda 1 xal. Bir sözlə, 24 il öncəki nəticəyə geri döndük...
- Çox danışmaq fikrindən uzağam. Son oyun da göstərdi ki, futbolçular kollektiv mübarizə aparmaq iqtidarında deyil. Əvvəlki oyunlarda da futbolçular arasında əlaqə, anlaşma bərbad vəziyyətdə idi. Təbii ki, nəticə də buna uyğun oldu və Azərbaycan millisi qrupu 1 xalla başa vurdu. Bu isə rəqiblərimizin reytinqdə bizdən irəlidə olmasına baxmayaraq belə, çox utanverici nəticədir. Düşünürəm ki, bundan nəticə çıxarılmalı və ciddi qərarlar qəbul olunmalıdır. Əgər Azərbaycan futbolunun inkişafını fikirləşənlər varsa.

- Ümumiyyətlə, bundan sonrakı gedişatı necə görürsünüz? Millidə nələr dəyişməlidir, yeni baş məşqçi yerli olmalıdır, yoxsa əcnəbi?
- Hazırkı vəziyyətdə millidə ancaq və ancaq yerli məşqçi çalışmalıdır. Təbii ki, həmin məşqçiyə böyük səlahiyyətlər verilməli, işinə müdaxilə olunmamalıdır. Eyni zamanda həmin məşqçiyə şərait yaradılmalı, onun U-21 və digər aşağı yaş qrupundan olan millilərlə, eləcə də klublarla sıx ünsiyyəti təmin edilməlidir. Bir sözlə, bütün futbol ictimaiyyəti həmin şəxsə dəstək olmalıdır. Çünki bu, həmin şəxsin yox, bütün ölkənin millisidir. Mən belə düşünürəm ki, işlədiyi dönəmdə Qurban Qurbanova lazım olan köməklik göstərilmədi.

- Artıq futbol ictimaiyyətində də, azarkeşlərdə də kəskin narazılıqlar var və hamı futbolda köklü islahatlar tələb edir...
- Bəli, həqiqətən də, kütləvi narazılıq var. Elə AFFA-nın baş katibi Elxan Məmmədov da son radio müsahibəsində bunu etiraf edib. Amma o qeyd edib ki, tənqid edənlər və narazı qalanlar adi azarkeşlərdi. Hələ yaxşı ki, baş katib kütləvi narazılıqların olmasını qəbul edir və razılaşır. Bəs yaxşı futbol ilk növbədə kimlər üçünür? Futbol axı azarkeşlər, futbolsevərlər üçündür. Hər yerdə də qəbul olunub ki, azarkeş futbolun barometridir. Bu məntiqdən yanaşsaq belə çıxır ki, Elxan Məmmədov bu faktora əhəmiyyət vermir. Özü də belə düşünür ki, hər şey yaxşı səviyyədədir və bu, tənqid olunmamalıdır. Halbuki futbolumuz ölüm ayağındadır.  Futbolumuzun xəstəliyi isə “Bakı”, “Xəzər Lənkəran” və digər müstəqil klublarımızın çöküşündən sonra başladı. Özü də bu, düşünülmüş şəkildə edildi. Ona görə də mən buna həmin klubların dağılması yox , dağıdılması deyərdim. Təbii , burada həmin klubların rəhbərliyinin də səhvləri olub və həmin klubların dağıdılmasına çalışan insanlar da həmin səhvlərdən məharətlə yararlanmışlar. Bu gedişlə Azərbaycan futbolu məhvə doğru gedir. Azərbaycan çempionatı əksəriyyət tərəfindən haqlı olaraq Bakı çempionatı adlandırılır. Halbuki, bölgə futboluna, bölgələrdəki uşaq futbolunun durumuna daha çox fikir verilməlidir. İctimaiyyətin narazılığının səbəbləri realdır. Yurçeviçi kim gətiribsə, çıxıb cavab verməlidir. “Qərarı İcraiyyə Komitəsi verir” deyərək məsuliyyətidən kənara çəkilmək olmaz. Yurçeviçi bura gətirən, onunla danışıqlar aparan şəxslər var. Bildiyimə görə həmin menecer Riad Rəfiyevdir və bu adam da Elxan Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərir. Sözsüz ki, Yurçeviçi Məşqçilər Komitəsinə də, İcraiyyə Komitəsinə də baş katib təklif edib və dəstəklənməsini istəyib. Millinin nəticələri və oyunu da sübut etdi ki, bu seçim səhv olub və bu seçimi edənlər heç bir analiz olmadan istefa verib Azərbaycan futbolundan getməlidirlər. Ümimiyyətlə, hansısa analizə ehtiyac görmürəm. Millidə heç bir düşünülmüş oyundan, taktikadan, xətlərarası anlaşmadan əsər-əlamət yox idi.

- Maraqlıdır ki, Ağasəlim Mircavasov, Vaqif Sadıqov, İsgəndər Cavadov kimi futbol mütəxəssisləri ya bu biabırçılığa göz yumur, ya da danışanda AFFA-nın mövqeyini müdafiə edirlər. Ən azı kənardan belə görünür...
- Hazırda Azərbaycan futbolunda çox mürəkkəb vəziyyət yaranıb. Bəli, hər bir insan öz şəxsi marağını nəzərə almalıdır. Amma Azərbaycan futbolunun zərərinə işləyəcək məsələlərdə şəxsi maraqlar ön plana çıxmamalıdır.  Ağasəlim Mircavadov da millidə baş məşqçi işləyib, Vaqif Sadıqov da, Kazbek Tuayev də. Ancaq təəssüf ki, onların bu gün mətbuatda etdikləri çıxışlar Elxan Məmmədovun maraqlarını qorumağa xidmət edir. Onlar bu cür çıxışlarla baş katibi məsuliyyətdən yayındırırlar. Ağasəlim müəllim deyir ki, nə narazılıq var? Təbii ki, Mircavadov bu gün Məşqçilər Komitəsində olmasaydı, tamam başqa cür çıxış edərdi. Eləcə də Vaqif Sadıqov həmin komitənin sədri olmasaydı, məsələlərə başqa cür münasibət göstərərdi. Kazbek Tuayev millinin biabırçı çıxışını qoyub Nazim Süleymanovdan, onun təşkilatından danışır. Halbuki Nazim Süleymanovun addımlarında Azərbaycan futboluna zərər vuracaq heç nə yoxdur. Əksinə, o da futbolumuzun inkişafını istəyir. Kazbek Tuayev 35 ildir futbol məktəbinə rəhbərlik edir. Amma ondan hesabat tələb edən yoxdur ki hansı uşağı yetişdirib. Axı həmin məktəb də dövlətdən ayrılan vəsaitin hesabına fəaliyyət göstərir. Amma durub Nazim Süleymanov haqda bilib-bilmədiyi şeyləri danışır. Azərbaycan futbolunda ağsaqqal hesab edilən adam belə danışırsa... Ona görə də bu gün futbolumuzaa ağsaqqal gözü ilə baxılan, hörmət edilən adam görünmür. Hərə çalışır ki, hardansa nə isə qopardıb öz həyatını yaşasın. Təbii hamıya aid eləmirəm bu fikirləri. Rəhmətlik Ruslan Abdullayev, Əhməd Ələsgərov kimi veteranlarımız olub, hansı ki, həmişə həqiqəti deyiblər, öz prinsipləri olub.  Elxan Məmmədov deyir ki, özünü komfortlu hesab edir. Onun futbolumuzun bu durumunda özünü komfortlu hiss etməsini deməsi ölkə futbol ictimaiyyətini təhqir etmək kimi bir şeydir. Həmçinin deyir ki, uşaq futboluna böyük qayğı göstərirlər. Amma ötən il heç bir uşaq komandasına nə top verilib, nə də forma.  “İsgəndər Cavadov adına Futbol Akademiyası”nın nəqliyyat xərclərini AFFA ödəməli idi, amma o da ödənmədi. Niyə jurnalistlər Elxan Məmmədova sual vermir ki, Berlindəki futbol akademiyasına nə qədər vəsait xərclənir, Azərbaycandakı futbol məktəblərinə nə qədər? Axı o məktəb də Azərbaycan dövlətinin büdcəsindən ayrılan pulla maliyyələşirdi.

- Qayıdaq Mircavadovun son müsahibəsinə. Ona millinin son uğursuz çıxışları ilə bağlı sual veriləndə bu sualı qəribə adlandırıb...
- Həmin sualın Ağasəlim müəllimə qəribə gəlməsi mənim üçün qəribə deyil. Niyəsini deyim. Ağasəlim Mircavadov heç nəyi həll etmir. Elxan Məmmədov işi elə qurub ki, sabah uğursuz nəticə olanda məsuliyyət Məşqçilər Komitəsinin və İcraiyyə Komitəsinin üstündə qalsın. Mircavadov, Vaqif Sadıqov və digərləri də bunu dərk etməlidir. Yəqin sualı qəribə adlandırmaqla demək istəyir ki, burada mənlik heç nə yoxdur gedin, səbəbini Elxan Məmmədovdan soruşun. Əslində hazırkı durumda Mircavadovu başa düşürəm. Amma onun yerinə mən olsaydım, tamam başqa cür cavab verərdim.

- Azərbaycan futbolunun gələcəyini necə görürsünüz? Loru dildə desək, bu işlərin axırı necə olacaq?
- Öncə onu deyim ki, dövlətimiz futbola kifayət qədər vəsait ayırır. Məncə, həmin vəsait tam olaraq Azərbaycan futboluna yönəlsə, Elxan Məmməovun xoşladığı bir söz var e, “şəffaflıq”, bax o cür şəffaf xərclənsə, az müddətdə hamı futbolumuzdakı inkişafı görəcək. Amma təəssüf ki, bu gün futbolumuzda o şəffaflıq yoxdur. Əgər Almaniyadakı futbol məktəbinə xərclənən vəsait Gəncə və Tovuz futboluna xərclənsəydi və orada akademiyalar yaradılsaydı, bu gün heç kim deməzdi ki, Azərbaycan futbolunda qıtlıq var. Fikir verin, son illər Gəncədən, Tovuzdan futbolçu çıxır? Düşünülmüş şəkildə həmin bölgələrdə futbol məhv edildi. Bir neçə nəsil məhv edildi, futbol tamamilə “öldü” və yalnız bundan sonra guya həmin bölgədə akademiya yaratmaqla futbolçu yetişirməyə başlayırlar. Hamısı süni görüntüdür. Əslində isə həmin bölgədə futbol planlı şəkildə məhv edilib. Azərbaycanda futbolu qısa müddətdə inkişaf etdirmək mümkündür. Ən azı bir seçmə mərhələdən sonra nəzərəçarpacaq dəyişikliyi görmək olar. İnanmayan istənilən insana bunu sübut etməyə hazıram.