şənbə, 10 may 2025

BİZİM FUTBOL

Tahir Gözəl: "Qorxaq oynamamalıyıq" - MÜSAHİBƏ

27.11.2019 23:03 Oxundu 665


"Qarabağ"ın prezidenti Tahir Gözəl "Sevilya" ilə oyun öncəsi İspaniyaya ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Cempion.az həmin müahibəni sizə təqdim edir:

 

- Qurban Qurbanov mətbuat konfransına söylədi ki, yaxşı oynayıb xal qazanmaq istəyirik...

- Çox önəmli bir oyundur. İspaniyanın ən böyük 3 klubundan birinə qarşı oynayacağıq. Hansı ki, hazırda çempionatda 3-cü pillədə qərarlaşır. Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Qurban müəllimlə görüşüm oldu. Ona “Qarabağ”dan möhtəşəm oyun gözlədiyini bildirdim. Müasir futbolda nəticəni əvvəlcədən müəyyənləşdirmək olmur. Ancaq bizə, Azərbaycana, “Qarabağ” adına yaraşan həyəcandolu 90 dəqiqə izləmək istədiyimi bildirdim. Sərgilədiyimiz futbolla, enerjimizlə, cəsarətimizlə “Sevilya”nı təəccübləndirməliyik. Ümid edirəm ki, bunun şahidi olacağıq.

- “Qarabağ” bir dəfə İspaniyadan xal gətirib. Sabahkı oyunda eyni nəticəni təkrarlamaq üçün bizə nə lazımdı?

- “Atletiko” və “Sevilya”nın oyun üslubu çox fərqlidir. Ancaq Madrid klubu ilə iki dəfə bərabərliyə qalmağımız bizə əlavə motivasiya verir. Düzdü, “Sevilya” böyük klubdu, amma mən komandama inanıram. Əsas odur ki, meydana cəsarətlə ayaq basaq. Dünən Qurban müəllimlə bu mövzuda danışdıq. İnanıram ki, sabah biz həmin cəsarətli “Qarabağ”ı görəcəyik.

- "Sevilya" qrupdan çıxmaq tapşırığını həll edib. Bu, "Qarabağ"a maneə olar bilər, yoxsa əksinə?

- "Qarabağ"ı hamı gözəl futbol oynayan komanda kimi tanıyır və buna görə ciddiyə alırlar. Klub prezidenti ilə danışanda da onlar "Qarabağ"ı sürpriz komanda adlandırırlar. Sabah bizə qarşı rahat oynayacaqlarına inanmıram.

- Sabahkı oyun üçün hansı nəticəni düşünürsünüz?

- Heç vaxt nəticəyə baxmamışam. Nəticəyə yox, məndən asılı olanlara baxmışam. "Qarabağ"ın fəlsəfəsi nəticə deyil. Biz sabah möhtəşəm oynamalıyıq. Qorxaq, müdafiə futbolu oynamamalı, lazımı yerdə sözümüzü deməliyik. Elə etməliyik ki, insalar bizi alqışlasınlar. Quran Qurbanovla danışdım. İstəyimiz odur ki, Avropa bizi cəsarətli oyunumuza görə alqışlasın. Nəticə nə olursa, olsun. Məndən nə asılıdırsa, edirəm, qalanı həyatın işidir.

- Futbolçuları oyuna necə motivasiya etmək istəyirsiniz?

- Adətən, Qurbanovun futbolçularla söhbətinə qarışmıram. Amma sabah üçün onlara deyəcək sözüm budur ki, bizi qürurlandırın. Onlara buradan 100 faiz qələbə ilə çıxmağə söyləmirəm. Bunlar hamısı bir az da bəxt, şans məsələsidir. Amma siz sabah "Sevilya" önündə möhtəşəm komanda olduğunuzu göstərməyə borclusunuz.

- Xüsusi qonaqlarınız olacaq?

- Bəli, xaricdən gələn qonaqlarım var.

- Səfirliyimizlə əlaqə yaradılıb? Ordan gələn olacaq?

- Xeyr, bura təzə gəlmişik. Yüz faiz əminəm ki, olacaq. Onları gözləyirəm. Lüksemburqda "Düdelanj"la matçdakı biabırçılığın qarşısını almaqda oradakı səfirliyimizin böyük rolu oldu. Əl-ələ verib böyük qüvvə yaratdıq, nəticədə bizdən üzr istədilər. Səfirliyin gəlməyi vacibdir, onlardan dəstək gözləyirik. Nə qədər azarkeşimizin olacağını bilmirəm.