
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.
Cempion.az xəbər verir ki, Ukraynanın "Aleksandriya" klubunda çıxış edən Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev komandasının heyətində fərqlənən futbolçuların siyahısında yer alıb.
31 yaşlı müdafiəçi 5 oyundan sonra Ukrayna təmsilçisində ən çox dəqiq ötürmə verən üçüncü oyunçu olub. Paşayevin 196 ötürmə verib ki, bunun da 144-ü dəqiq alınıb.
Yarımmüdafiəçi Dmitri Qreçişkinin 220 ötürməsindən 170-i, digər müdafiəçi Denis Miroşniçenkonun isə 216 ötürməsindən 158 dəqiq olub.
Paşayevin komandası ötən axşam Almaniya təmsilçisi "Volfsburq"a öz meydanında 0:1 hesabı ilə uduzub və bununla da növbəti mərhələyə çıxmaq şansını itirib. Millimizin müdafiəçisi oyunu əvəzlənmədən keçirib. Paşayev 45-ci dəqiqədə kobud oyuna görə sarı vərəqə alıb.