cümə, 19 aprel 2024

BİZİM FUTBOL

"Kəpəz"in sabiq icraçı direktoru yeyinti ilə bağlı yeni faktlar açıqladı: çörəyi 50 qəpiyə alıb 1.50 yazırdılar

01.12.2019 11:20 Oxundu 743

“Kəpəz”də baş verən məşhur qalmaqalın 2 ili tamam olur. Gəncə klubunda maliyyə yeyintisinin aşkar olunduğu, Müşahidə Şurasının sədr müavini Mikayıl Nərimanoğlunun futbol təsərrüfatından qovulması ilə nəticələnən olaylar hələ də yaddaşdadı.Eyni zamanda AFFA-nın mətbuat xidmətinin rəhbəri olan Mikayıl bəyin günahı audit yoxlamalarından sonra təsdiqlənmişdi. Külli miqdarda yeyintinin əsas səbəbkarı kimi Nərimanoğlunun cinayət məsuliyyətinə cəlb edilməsi gözlənilirdi. Lakin sədr müavinin şəriki olduğu deyilən AFFA-nın baş katibi Elxan Məmmədovun sayəsində qalmaqalın üstü örtüldü. Mikayıl bəy canını Gəncədə yeni aldığı evini satmaqla, yediyi pulları geri qaytarmaqla qurtardı.
 
Təsadüfi deyil, yoxlamalardan sonra klubun AFFA-ya borcu olması haqda fakt aşkarlandı. Bütün maliyyə assosiasiyadan gəldiyi halda yekunda nonsens sayıla biləcək reallıq yaşandı: “Kəpəz”in əlinə baxdığı təşkilata 120 min manat borcu yaranmışdı və həmin məbləğ Mikayıl bəydən alınaraq geri ödənildi.
 
Əslində, borc daha çox olmalıydı. Yoxlamalar son bir ili əhatə etmiş və baş katibin tapşırığı ilə bir çox məqamlara göz yumulmuşdu. Halbuki 3 illik fəaliyyəti dövründə Nərimanoğlunun təqribən 300-400 min manatın arxasına keçdiyi deyilirdi.
 
Qaranlıq məqamlara aydınlıq gətirmək üçün Gəncə klubunun ovaxtkı icraçı direktoru Cabir İbrahimovun aydınlıq gətirməsini istədik. Çünki olayların episentrində bu şəxs dayanırdı və maliyyə yeyintiləri də bu cavan oğlanın şikayətindən sonra üzə çıxmışdı.
 
- İndi nə işlə məşğulsuz?
- Demək olar, boşam. Kiçik bizneslə.
 
- Futbol sahəsinə necə düşmüşdüz?
- İnfrastruktur üzrə mütəxəssis kimi gəlmişdim. Gəncə stadionunda işləməliydim. Məlum məsələlərdən və Mehman Allahverdiyev “Kəpəz”dən ayrılandan sonra şəhər rəhbərliyi tərəfindən məsləhət oldu, icraçı direktor olmağım təklif edildi, qəbul etdim.
 
- Futbolda qəfil peyda olmağınız da qəribə oldu...
- İş üçün özüm müraciət etmişdim. İdmançı cavan kadr idim. Stadionla bağlı iş olduğu üçün məni bura göndərdilər. İdman sahəm olduğundan belə məsləhət bildilər. İdarəçiliyi bacardığım üçün 2016-cı ilin yanvarında məni infrastruktur üzrə mütəxəssis təyin etdilər.
 
- Sonra icraçı direktor olduz.
- Hə. Həmin ilin sentyabrında.
 
- Düz bir il sonra isə ölkə futboluna səs-küy salan hadisələr baş verdi. Siz Gəncə klubundakı maliyyə maxinasiyalarının üzə çıxmasının səbəbkarı olduz...
- Əslində, hər şeyi artıq təyinatımdan qısa müddət sonra gördüm. 2 ay sonra – noyabrda Mikayıl Nərimanoğlu ilə ilk ciddi münaqişəmiz oldu. “Kəpəz”in Müşahidə Şurasının sədrinin müavini kimi əsas idarəçi olan bu şəxs AFFA-nın maraqlarını təmin edirdi. Bu qurumdan göndərilmişdi və əsas idarəçi idi.
 
- Münaqişəyə səbəb nə idi?
- Həm gəncəli, həm də bir idmançı kimi “Kəpəz”ə ürəyim yanırdı. İlk öncə klub işçilərinin durumunu düzəltmək üçün cəhd etdim. Normal büdcə var idi, lakin məşqçilərə, klub işçilərinə layiq olduqları dəyər verilmirdi. Onlara çox kiçik məbləğdə əməkhaqqı verilirdi. Ekipirovkalarla, qidalanmayla bağlı ciddi çatışmazlıqlar var idi. Maliyyə məsələlərində də əyriliklər göz deşirdi, sənədlər stolumun üstündən keçirdi, görürdüm. Məndən əvvəl də olmuşdu, mənim dövrümdə də var idi. Hamısı da Mikayıl müəllimin təzyiqi ilə reallaşırdı. Hadisələr böyüyəndən sonra klubun mühasibi Mənsurə Məmmədova müsahibəsində demişdi ki, Nərimanoğlundan xəbərsiz heç bir iş görməmişəm. Mikayıl müəllimə dəfələrlə irad bildirmişəm, o isə deyirdi ki, bizdə sistem belədi. Ümumi AFFA sistemi bu cür işləyir, rəhbərliyin hər şeydən xəbəri var. Biz məsələləri ictimailəşdirdik, qanunsuz olduğu aydınlaşdı, kimlərsə cəzalandı. AFFA-da, bu qurumun nəzarətindəki klublarda isə eyni proseslər hələ də davam edir və tədbir görən yoxdu.
 
- Konkret nə?
- Bir çox məbləğlər var idi ki, şişirdilmiş halda yazılırdı. Pullar təyinatı üzrə xərclənmirdi, olmayan xərclər qondarılırdı. Çörəyin qiyməti 50 qəpikdi, bunu hamı bilir, amma onların hesabatında 1 manat 50 qəpik yazılırdı. O tək Nərimanoğlunun günahı deyildi. Mən məsələnin üstünü açdım, danışdım, problemdən xəbərdar oldular. AFFA-nın baş katibi Elxan Məmmədov lazım olan şəxsləri təftişə göndərdi, hər şey dəqiqləşdi, hansısa yollarla qanunsuzluqların üstü açıldı, əyintiləri tapdılar. Bəs, maraqlıdı, AFFA-dan daha öncə gələn audit yoxlamaları hara baxırmış, niyə eyni şeyləri üzə çıxarmırdılar? Bunlar 10-15 ildi bu sahədədilər, niyə mənim şikayətiməə kimi hər şeyə göz yumurmuşlar? Nə olsun ki, klub rəsmiləri qol çəkib, axı, siz dəqiq baxmalısız... Maddi maraqmı var?
  Siz səsinizi çıxarmasaydız...
- Nərimanoğlunun dediyi kimi oturub-dursaydım, beləcə də davam edəcəkdi, bəlkə “Kəpəz” Premyer Liqada qalacaq, mən də postumda olacaqım. Mehribançılıq olacaq, hər şey axarıyla davam edəcəkdi. Lakin hər şey bunların istədiyi kimi olacaqdı. Necə ki, indi AFFA-da, quruma bağlı olan klublarda davam edir. Mehman Allahverdiyevi də Gəncə klubundan uzaqlaşdıran Mikayıl müəllim idi. Mehman müəllim Gəncədə ciddi qüvvədi, Nərimanoğlu paytaxtdan kənarda bəzi həqiqətləri gördü, əlavə qazanc dalınca düşdü. Sonra isə onu kənarlaşdırdı ki, təkbaşına qazansın. Yəqin, aldığı 5000 manat aylıq maaş ona bəs etmirmiş.
 
- “Kəpəz”də işləməyə-işləməyə adına pul yazılan çox adam var idi?
- Allahverdiyevin vaxtında olmuşdu. Qısa bir müddət.
 
- Sizin təyinatınızda Gəncənin sabiq icra başçısının da rolu olmuşdu. Hadisələr vaxtı onun AFFA-yla münasibətləri nə yerdə idi?
- Bəli. Amma icra hakimiyyəti maliyyəyə qarışmırdı. Əvəzində hesabatda göstərilməyən əlavə yardımlar edirdi. Mükafat fondu ayırmışdı, təmir işlərinə yardım edirdi və s. Bunların heç biri rəsmi sənədlərdə əksini tapmırdı. Bəlkə onlar da AFFA-nın xərclədiyi pul kim sənədləşdirilirdi, amma dəqiq bilmədiyimdən yalan deyə bilmərəm.
 
- Elxan müəllimə şikayəti nə vaxt etdiz?
- 2017-nin sentyabrında. Mikayıl müəllimlə o vaxt bir maliyyə məsələsi üstündə problemimiz yarandı, mən də hər şeyə nöqtə qoymaq qərarına gəldim. Bir menecerin sənədi 2 ay stolumun üstündə qaldı, işə götürülməsinə imkan vermədim. Daha ciddi problemlərimiz var ikən həmin məsələyə ehtiyac duyulmadığını düşündüm. Mənə deyirdi ki, Elxan müəllimin xəbəri var. Sonradan Mənsurə xanım bildirdi ki, artıq cinayəti etmişəm, Nərimanoğlunun tapşırığıyla həmin adamın kartına pul köçürmüşəm. Mən də onun sözü ilə sənədə qol çəkdim, lakin məsələ qaldırdım, o adamın ştatda olması 2 ay sürdü.
 
- Mikayıl müəllim konkret olaraq maliyyə pozuntusuna görə işdən kənarlaşdırıldı. Araşdırma üçün məsələni siz qaldırmışdız, yəqin, məbləği də bilərsiz: nə qədər vəsaitin arxasına keçilmişdi?
- Dəqiq rəqəm deməyəcəm, amma böyük məbləğ idi. Məqsədyönlü işlər görülmüşdü, büdcədən pul mənimsənmişdi. İdmançıyam, idmançıya da nə lazım olduğunu bilirəm. Məsələn, komanda oyundan sonra “parnoy”a getməli idi, lakin bunun 2 gün ardıcıl edilməsi barədə sənəd hazırlanırsa, pul götürülürsə, deməli, ortada yalan var, bu prosedurun 1 dəfə olması kifayətdi, artığı hətta ziyandı. Və ya iyulda təlim-məşq toplanışı olmuşdu, sentyabrda növbəti toplanış üçün büdcədən 30 min manat silindi. Bu, harada görünüb? Bunu yoxlayanlar nə əcəb belə biabırçılığı görmürdü? Yoxsa onlar da tapşırıqla işləyirmiş?
 
- Problem də bu kimi məsələlərə görə çıxırdı?
- Bəli. Mən deyirdim ki, həmin pulu uşaq futboluna, infrastruktirin qurulmasına, digər problemlərimizə xərcləyək. Onlar isə yalançı xərclərlə büdcəni şişirdirdilər.
 
- Amma sənədlərə siz imza atırdız. Deməli, cinayətlərə şərik olurduz...
- Axı, Mənsurə xanım müsahibəsində demişdi ki, hər şey Nərimanoğlunun tapşırığına əsasən edilib. O da bütün məsələlərin Elxan müəllimlə razılaşdırıldığını bəyan edirdi. Mühasib etiraf etmişdi ki, Cabir nə deyirsə desin, Mikayıl müəllim tapşırmadan hər hansı addım atılmırdı. İmzam vardı, lakin günahım olsaydı, çoxdan haqqımda tədbir görülərdi. Məndən əvvəlki rəhbərlik də, sonrakılar da eyni cür işləyib. Maliyyəylə bağlı bütün qərarları AFFA-nın təyin etdiyi rəhbər verib. Deyək ki, mən həqiqətən səhv etmişəm, bəs, bu sənədləri yoxlayanlar niyə pozuntuları aşkara çıxarmırdı? Əksinə, hər dəfə yersiz, şişirdilmiş xərclərlə bağlı mən narazılıq etmişəm, Nərimanoğlu isə “baş katibin xəbəri var” deməklə səsimi kəsib. Bütün bu qanunsuzluqlara Məmmədovun icazə verdiyi deyilir, don geydirilirdi. Güman ki, elə düz deyirdi. Bu qədər məsələ ondan xəbərsiz qala bilməzdi, yəqin, əli varmış.
 
- Səni susdurmaq üçün nə addım atmışdılar?
- Samir Quliyev yadınızdadı? Menecer idi, onu yalandan “Elxan müəllimin xəbəri var” deyərək, saxta sənədlə baş direktor təyin etmişdi. Hətta Müşahidə Şurasının sədri Elmir Vəliyevi də aldatmışdı. Bu addımla mənim səlahiyyətlərimi əlimdən almaq, Samirə sənədləri rahat imzalatdırmaq istəyirdi. Məsələ qaldırdım, 1 həftə içində əvvəlki vəziyyətə qayıdıldı.
 
- Fəhlələrlə bağlı da probleminiz yaranmışdı...
- 200-250 manat maaş alan işçilərimiz var idi. Onlar aidiyyatı olmayan işlərə cəlb olunur, qanunsuz işlədilirdilər. Məsələ qaldırıb, qarşısını aldım. Nərimanoğlu mənə dedi ki, “yaxşı etmişəm, əlindən gələni et”. Mən də etdim, klubun yoxlanılmasına nail oldum, hər şey üzə çıxdı.