
Çempionlar Liqasının "Tottenhem"-"Olimpiakos"la (4:2) görüşündə meydan sahiblərinin yeni baş məşqçisi Joze Mourinyonun topdaşıyan uşağın atdığı "ötürmə"dən sonra tarazlığı bərpa etməsi və azyaşlı ilə "təşəkkür" salamlaşması bir müddətdir Britaniya mətbuatının diqqət mərkəzindədir.
Cempion.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Premyer Liqanın 14-cü turunun "Bornmut"la ev oyunundan əvvəl keçirilən mətbuat konfransında həmin uşağı futbolçularla birgə nahara dəvət etmişdi.
Məktəbdə imtahanı olduğu üçün əvvəl "yox" cavabı verən Kallum Hines adlı topdaşıyan sonra don Jozenin təklifini qəbul edib. Azyaşlı londonluların aparıcı futbolçuları - Harri Keyn, Hon-Min Son və Covanni lo Selso ilə birlikdə nahar edib və xeyli söhbətləşiblər.