çərşənbə axşamı, 10 dekabr 2019

BİZİM FUTBOL

ŞOK olay təsdiqini taрır: U-21 millimizin 5 üzvü "qumar oyunu"nda iştirakını etiraf edib

03.12.2019 12:00 Oxundu 224


Bir müddət əvvəl xəbər vermişdik ki, AFFA 21 yaşlılardan ibarət yığmamızla bağlı ciddi təhqiqata başlayıb. Federasiya UEFA-dan daxil olan növbəti siqnalın arxasınca düşüb.

Cempion.az xəbər verir ki, komandamızın Fransa ilə səfər oyununa (0:5) külli miqdarda pul qoyuluşu edilib.

Təkcə ev sahiblərinin yığmamıza 4-dən artıq top vuracağına isə 200 min dollar yatırılıb.

Məlumat ciddi və düşündürücü olduğundan, UEFA AFFA-dan araşdırmada iştirak etməsini istəyib. Sportinfo.az-a bununla bağlı yeni və kifayət qədər narahatlıq yaradacaq xəbər daxil olub.

Federasiyadan əldə etdiyimiz məlumata görə, Fransada meydana çıxan futbolçulardan 5-i günahlarını etiraf edib. Araşdırma nəticəsində məlum olub ki, onlara bukmeyker kontorları ilə qeyri-leqal əməkdaşlıq eləyən insanlardan təklif gəlib.

Bundan yığma üzvlərinin əksəriyyəti xəbərdardır, sadəcə, 5 nəfər razılıq verib. AFFA-nın baş katibi Elxan Məmmədov hələlik adları gizli saxlanılan həmin 5 oyunçu ilə təkbətək görüşüb.

Millinin formasını geyinənlər bildirib ki, matçın nəticəsinin "stavka"ya qoyulması təklifi onlara birbaşa gəlməyib. Belə ki, Premyer Liqa klublarında çıxış edən bir neçə futbolçu bu işdə "vasitəçilik missiyası"nı öz üzərinə götürüb.

Redaksiyamıza sızan daha bir informasiyaya görə, Elxan Məmmədov gənclərin adını verdiyi elita oyunçularını görüşə çağırıb və onlardan da bir sıra məlumatlar toplayıb.

Məlum olub ki, millimizin böyükhesablı məğlubiyyətinə qoyulan pul matçın fasiləsində 500 minə, ikinci hissənin ortasında isə 800 min dollaradək artıb.

Belədə təxminən bilinib ki, kələfin bir ucu hara və kimə gedib çıxır. Di gəl, AFFA araşdırmanın gedişatını maksimum dərəcədə gizli saxlayır və nəticələr məlum olsa da, ictimaiyyətə bu barədə açıqlamağa verməyə ehtiyat edir.

U-21 millimiz Avropa çempionatının seçmə mərhələsinin ilk turunda Lixtenşteynə yenilib - 0:1. Milan Obradoviçin çalışdırdığı kollektiv Slovakiya üzərində qələbə qazansa da (2:1), ardıcıl 3 oyunda Gürcüstana 0:3, Fransaya 0:5 və İsveçrəyə 0:1 hesabları ilə uduzub. Komanda son turda Lixtenşteyndən revanşı eyni hesabla götürüb - 1:0