
Azərbaycan kubokunun 1/8 final mərhələsində dünən keçirilən "Sabah" - "Ağsu" oyunu ilə bağlı qalmaqallı məlumat yayılıb.
Cempion.az xəbər verir ki, görüşün danışılmış olduğu iddia edilir.
Bu barədə Rusiyada fəaliyyət göstərən "Mostbet" bukmeker şirkətinin Azərbaycandakı nümayəndəliyi matçdan öncə məlumat yayıb. Rəsmi "Facebook" səhifəsində paylaşılan xəbərdə əvvəlcə matçın şübhəli olduğu vurğulanaraq, qeydə alına biləcək istənilən nəticənin 1 əmsalla hesablanacağı bildirilib.
Dünən isə həmin ünvanda aşağıdakı məlumat yerləşdirilib: "Nəzərinizə çatdıraq ki, "Sabah" - "Ağsu" qarşılaşması danışılmış oyunlar ilə mübarizə aparan beynəlxalq qurum tərəfindən araşdırılır. Bu oyuna olunan mərclərin hesablanması, beynəlxalq qurumdan aldığımız məlumatdan asılı olacaq".
Sözügedən qarşılaşmanın Azərbaycanın qanuni idman mərc oyunları operatoru olan Topaz və eTopaz-ın proqramından çıxarılması şübhələri bir qədər də artırır. Maraqlıdır ki, kubokun 1/8 final mərhələsinin digər iki görüşü - "Zirə" - "Qaradağ Lökbatan" və "Sumqayıt" - "Zaqatala" matçlarına mərc etmək mümkün olub.
Bundan başqa, "1XBet", "BWIN", "288sb.com" kimi dünyaca məşhur bukmeker şirkətləri də bu oyunu mərc siyahısına salmayıb. (sportinfo.az)