bazar ertəsi, 19 may 2025

BİZİM FUTBOL

AFFA Həmkarlar İttifaqı növbəti toplantısını keçirdi və futbolumuzda son başverənləri müzakirə etdi

15.12.2019 14:00 Oxundu 401

AFFA Həmkarlar İttifaqı ( AFFA Hİ ) növbəti toplantısını keçirib. 

Cempion.az  xəbər verir ki, toplantını giriş sözü ilə açan ittifaqın sədri Nazim Süleymanov fəaliyyətləri haqqında bir neçə məsələni üzvlərlə müzakirə edib.

Toplantıda müzakirə olunan əsas mövzulardan biri də 1 aydır ki, AFFA prezidenti Rövnəq Abdullayevin ünvanına yazılan məktuba hələ də cavab gəlməməsi olub. Qərara alınıb ki, məktuba cavab alınmasa belə, növbəti müraciət ölkə başçısı cənab İlham Əliyevə olacaq.  Tədbir iştirakçıları dünən AFFA İK-nın iclasında çıxarılan bəzi qərarları qınayıb. Onlar oyun alqı-satqısında adları çəkilənlərin haqlı olaraq cəzalanmalarının tərəfində olduqlarını bildiriblər. Qeyd olunub ki, guya AFFA və ya AFFA İcariyə Komitəsinin üzvləri bilmirdilər ki, neçə ildir 1-ci divizionda nələr baş verir? Acınacaqlı hal kimi bunu bilə-bilə Premyer Liqada iştirak edən klubların əvəzedici heyyətlərini bu çirkablı çempionata daxil edib, olan-qalan gənc perspektivli oyunçuları da bu palçığa batmağa məcbur edildiyi də vurğulanıb.  Daha sonra qeyd olunub ki, AFFA-da oturan özünü futbol “mütəxəssis”i hesab edən bəziləri yaxşı bilir ki, 1-ci divizionda 200-300 manat maaş qarşılığında oynayan futbolçunun ehtiyac üzündən oyun satması qaçılmazdır. Hər nə qədər bu ləkəli bir iş olsa da. Onda belə çıxır ki, bu gün cəzanı verənlər özləri elə bu futbolçuları çirkaba salıblar. Xüsusilə də danışılmış oyunlara görə çıxarılan qərarların tam şəffaf şəkildə izah olunmaması, qaranlıq qalması müəmma doğurub. Qeyd olunub ki, aparıcı ölkələrin çempionatlarında danışılmış oyunlarla bağlı cəza verilərkən hansı oyunun necə və hansı formada satıldığı da ictimaiyyətə bildirilir.  Hakim Əfqan Həmzəyev bildirib ki, əgər oyun alqı-satqısı varsa, təkcə futbolçular, rəhbərlər və digər şəxslər yox, komandalar da cəzalana bilər. FİFA və UEFA-nın nizamnaməsinə dərindən bələd olan Həmzəyev vurğulayıb ki, FIFA-nın nizamnaməsindən doğan tələblərə görə adı hallanan komanda yeri gəlsə çempionatdan da uzaqlaşdırıla bilər. Hətta, danışılmış oyunlarda adı hallanan komandaların sayı çempionatdakı komandaların 1/3 faizini və artıq təşkil edərsə, həmin çempionat ləğv edilə də bilər - deyə Əfqan Həmzəyev fikirlərini tamamlayıb.  Toplantı iştirakçıları 12 nəfər futbol veteranının pensiya ilə təmin edilməsini müsbət addım hesab ediblər və onları Həmkarlar İttifaqı adından təbrik ediblər.