cümə axşamı, 08 may 2025

BİZİM FUTBOL

"Zirə"nin legioneri: "Azərbaycanı Botsvanada mənə görə tanıyırlar" - MÜSAHİBƏ

16.12.2019 13:16 Oxundu 426


"Zirə"nin botsvanalı yarımmüdafiəçisi Mfo Kqasvane Azərbaycan kubokunun 1/4 final mərhələsində "Səbail"lə 0:0 hesablı matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Cempion.az həmin müsahibəni sizə təqdim edir:


 

- Çempionat və kubok oyunları bir-birindən çox fərqlənir. Kubokun matçları 2 oyundan ibarət olur. Səfərdə və doğma meydanda. Düşünürəm ki, səfərdə oynadığımız üçün çətinlik çəkdik.

- Hər halda "Zirə" üçün 0:0 hesablı  nəticəni yaxşı hesab edirsiniz. Amma evdə buraxacağınız 1 qol işləri çətinləşdirə bilər.

- Mənim fikrimcə, çox yaxşı nəticə hesab oluna bilməz. Amma evdə oynayacağımız matçda çalışacağıq ki, qapımızda qol görməyək. Həm də hücumlarımızın sayı çox olacaq. 

- "Səbail" ilə ardıcıl görüşlər keçirdiniz. Artıq bu komandanı yaxşı tanıyırsınız. Zirədəki oyunla bağlı proqnozunuz necədir?

- Təbii ki, bu, futboldur, hər şey baş verə bilər. Bu barədə öncədən heç bir proqnoz verə bilmərəm.

- Rəqib qapısına bir neçə zərbə vurdunuz.  Yaxşı keçidləriniz var. Nəyə görə bu zərbələrin sayını artırmırsınız? Ümumiyyətlə, Azərbaycan çempionatında futbolçular uzaqdan zərbələrə üstünlük vermir. Baş məşqçi buna ehtiyac olmadığını deyir, yoxsa inamınız yoxdur?

- Bunu heç də tez-tez zərbələr vurmaqla əlaqələndirməzdim. Sadəcə olaraq, bu gün oyunda bəzi  epizodlarda zərbə vurmağa şərait yarandı. Önündə boşluq görürsənsə, bu zərbəni endirməlisən. Bugünkü matçda da bir neçə epizodda belə oldu. Ona görə də bu, sırf oyun epizodlarından asılı bir şeydir.

- Penalti epizodu da var idi. Yıxılıb, ayağınızı tutmuşdunuz. Necə düşünürsünüz, həmin an hakim penalti qərarı verməli idi? Heç penatli tələb etmədiniz. 

- Mənim fikrimcə, penalti var idi. Orada anında etiraz edə bilməzdim. Çünki artıq hakim oyuna davam işarəsi vermişdi.

- Botsvana millisində də çıxış edirsiniz. Ölkənizlə Azərbaycan arasında məsafə çox böyükdür. Milli komandaya görə oraya gedib-gələndə yol sizi yorur? Oyuna çıxmaq üçün gücünüz qalır?

- Çox yorucudur. Ümumi olaraq mənim səyahətim 14-15 saatlıqdır. Edə biləcəyim nə isə yoxdur. Bu, mənim həyatımdakı seçimdir.

- Botsvanada Azərbaycanı, "Zirə"ni tanıyırlar?

- Əlbəttə. Mənə görə yaxşı tanıyırlar. Azərbaycana gələn ilk  botsvanalı futbolçuyam. Təbii ki, bu halda onlar izləyib, maraqlanacaqlar.