
“Kayserispor” Pedro Enrikenin "Qarabağ"la danışıqlar aparmasından narahat olub. Braziliyalı yarımmüldafiəçinin Azərbaycan klubu ilə anlaşmaq üzrə olması və 2+1 illik müqaviləyə qol çəkmək istəməsi Türkiyə klubunun rəhbərliyini hərəkətə gətirib.
Cempion.az xəbər verir ki, Kayserinin eyniadlı təmsilçisi futbolçusu qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə söz verib.
Pedro 2017/18 mövsümündə icarə əsasında "Qarabağ"da oynayıb. O, Ağdam klubunun Çempionlar Liqasının qrup mərhələsində vurduğu ilk qolun müəllifi olub (“Roma” ilə matçda - 1:2).
Pedro avqustda “Kayserispor” ilə 3 illik müqavilə bağlayıb. Kayseri təmsilçisi bu transfer üçün PAOK-a 650 min avro ödəyib. İndi iş ondadır ki, Türkiyə klubu üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirmir. Super Liqa təmsilçisi 3 aydan artıqdır Enrikenin əməkhaqqını ödəmirdi.
Pedro artıq Türkiyə Futbol Federasiyası və FİFA-ya bununla bağlı şikayət məktubu göndərib. O, müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi məsələsini qaldırıb.
Super Liqanın turnir cədvəlinin sonuncu sırasında yer alan klubun yeni prezidenti Berna Gözbaşı braziliyalı legionerlə görüşərək, bütün borcları ən qısa zamanda bağlayacağını bildirib. "Kayserispor"un xanım rəhbəri onun burada qalması üçün hər şey edəcəyini söyləyib.
Maliyyə problemləri yaşayan Anadolu təmsilçisini son bir həftədə 7 futbolçu tərk edib. Bunlar Emmanuel Adebayor, Pol-Jorj Ntep, Atilla Turan, Adrian Tavareş, Umut Bulut, Şamil Cinaz və Bilal Başaçıkoğludur.