
Xəbər verdiyimiz kimi, dünən "Qarabağ"ın prezidenti Abdulbari Gözəl komandanı ziyarət edib. Baş məşqçi Qurban Qurbanovla görüşən klubun rəhbəri 2019-cu ildə qeydə alınan nəticələri müzakirə edib.
Cempion.az xəbər verir ki, tanınmış iş adamı kluba maddi-mənəvi hər cür dəstək verməyə davam edəcəyini söyləyib.
O, heyəti gücləndirmək üçün vəsait ayıracağını vurğulayıb. "Azərsun"un sahibi qeyd edib ki, "Qarabağ" patronu olduğu holdinqin ən yaxşı çalışan müəssislərindən biridir və məqsəd bu vasitə ilə Azərbaycanı bütün dünyaya tanıtmaqdır.
Qurbanov komandanın ildən-ilə inkişafını görmək istədiyini deyib. Baş məşqçi bildirib ki, yeni legionerlərin alınması prosesi çətinləşib, çünki onlar zəifləmiş Azərbaycan çempionatında çıxış etməyə həvəs göstərmirlər. Baxmayaraq ki, onlara bunun müqabilində normal müqavilə təklif olunur.
Gözəl növbəti ildə istər ölkə çempionatında, istərsə də Avropada daha uğurlu nəticələrin olacağına inandığını dilə gətirib.