28.12.2019 11:24
457


Ötən gün Azərbaycan Güləş Federasiyası (AGF) ilin yekunuyla bağlı tədbir keçirib.
Cempion.az xəbər verir ki mərasimdə AGF rəhbərliyi, federasiyanın əməkdaşları və yığmaların məşqçiləri iştirak edib.
Tədbirdə AGF-nin prezident əvəzi Namiq Əliyev çıxış edib. Bütün güləş ictimaiyyətini Yeni il və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edən federasiyanın rəhbəri bu fikirləri səsləndirib: "Bu il Qazaxıstanda keçirilən dünya çempionatında Olimpiadaya iki lisenziya qazandıq. Əlbəttə, bu bizi qane edə bilməz. 2020-ci ildə daha çox lisenziya qazanmalıyıq. Ümid edirəm ki, Olimpiadada da uğurlu çıxış edəcəyik. Çünki bütün idmansevərlərin əsas medal gözləntisi güləşdəndi. Biz də ümidləri doğrultmalıyıq. Federasiyanın hər bir əməkdaşının qazanılan uğurlarda payı var. Bizim mehriban kollektivimiz var. Biz bir ailə kimiyik. Bu gün həm də cənab Prezident İlham Əliyevin doğum günüdü. Bildiyiniz kimi, ölkə başçısı idmana xüsusi diqqət və qayğı göstərir. Xüsusən də güləşlə yaxından maraqlanır. Güləşçilərimizi yaxşı tanıyır və təhlil edir. Bu qədər işin müqabilində güləşçilərimiz haqda bu səviyyədə məlumatlı olması təəccüblüdü. Cənab Prezidenti doğum günü münasibəti ilə təbrik edirəm və Tokio Olimpiadasında onun ümidlərini doğruldacağımıza inanıram. Bu gün tədbirimizdə Mariya Stadnik də iştirak edir. O, dünya çempionatında əsl xarakter göstərərək qızıl medal qazandı. İnanıram ki, nəhayət, qarşıdan gələn Olimpiadada arzusuna çataraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq".
Tədbirdə AGF-nin vitse-prezidentləri Elçin Cəfərov, Firdovsi Umudov, Namiq Abdullayev, idman şöbəsinin müdiri Yaqub Məmmədov, Hakimlər Kollegiyasının sədri Qərib Əliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Aslan Ağayev də ürək sözlərini çatdırıb. Çıxış edənlərin əsas arzusu məhz Olimpiadada güləşçilərimizin uğurlar qazanması və növbəti ildə bu uğurları qeyd etmək olub.