çərşənbə axşamı, 06 may 2025

BİZİM FUTBOL

Riad Rəfiyevin süni yalanı - YAZI

30.12.2019 12:00 Oxundu 451


AFFA-nın baş katibi Elxan Məmmədov leksikona yeni söz gətirdi: süni yalan. Baş katibin dediyinə görə, biri var obyektiv tənqid, biri var subyektiv tənqid, biri də var süni tənqid. Onun fikrincə hazırda onları tənqid edənlərin tənqidi süni tənqiddi. Çevrəsi və kadrları da Məmmədovun yolu ilə gedir. Onun kimi üzə durur, yalan danışır və özlərindən başqa hamıda günah görərək borclu çıxardır.

Baş katibin ən yaxın və sevimli kadrlarından olan Riad Rəfiyev bu yaxınlarda Azərbaycan radiosunda yayımlanan “Extra time” verilişinin qonağı oldu. Ona verilən suallara eyni ilə baş katib tərzində cavab verdi (əslində vermədi). Eyni zamanda yalan danışdı. Məsələn, bütün ölkə bilir ki, milli komandaya gətirilən bütün əcnəbi baş məşqçilərlə danışqıları birbaşa Rəfiyev aparır. Təbii ki, Elxan Məmmədovun təlimatlarına uyğun olaraq. AFFA-da işləyəndə də belə idi “Sumqayıt”ın prezidenti postuna keçəndən sonra da belədir. Elə bu yaxınlarda Robert Prosineçkinin yenidən milliyə qaytarılması üçün aparılan danışıqların da başında məhz Rəfiyevin durduğu deyildi və mətbuat tərəfindən yazıldı. Hətta danışıqlar müsbət yekunlaşacağı halda Rəfiyevə məxsus olduğu deyilən “3R Sports Management” şirkətinin bu sövdələşmədən menecer payı olaraq 300 min haqq alacağı da açıq şəkildə mətbuatda yazıldı. Rəfiyev isə bütün bunları inkar edərək deyib ki, “Sumqayıt” prezidenti olandan sonra menecerlik fəaliyyəti ilə məşğul deyil və Prosineçki ilə də sonuncu dəfə 7-8 ay bundan qabaq telefonla danışaraq onun ad günün təbrik edib
. Bax bu yerdə Rəfiyev ciddi səhv buraxıb. Necə deyərlər, yalan ayaq tutar, amma yeriməz. Rəfiyevin qonaq olduğu sözügedən veriliş dekabr ayında yayımlanıb. Dekabrdan 7-8 ay geri sayanda may ayına düşür. Prosineçkinin doğum günü isə yanvarın 12-də olub. Əgər Rəfiyevin yaxın dostlarının ad gününü 4 ay sonra, ya da 7 ay qabaq təbrik etmək kimi bir adəti varsa, ona sözümüz yoxdur. Əks halda Rəfiyev futbol ictimaiyyətinə ağ yalan danışıb. Elxan Məmmədovun təbiri ilə desək, süni yalan. Adam dərk eləmir ki, dəvəquşu başını torpağa soxmaqla deyil. Yerin də qulağı var. Həm də AFFA-nın və “Kapital Bank Arena”nın divarları o qədər qalın deyil ki, kənara söz çıxmasın.

Məsələnin ikinci önəmli tərəfi budur ki, Prosineçki ilə danışıqları məhz Rəfiyevin apardığını tək Azərbaycan mətbuatı yox, Xorvatiya mətbuatı da yazıb. Demək ki, onlara da bu məlumatı elə Prosineçkinin özünə yaxın mənbələr ötürüb. Bir sözlə, Rəfiyev yalan danışdı, amma danışdığı yalan çox süni alındı.