
AFFA-nın baş katibi Elxan Məmmədov yeni iddiaya düşüb.
Cempion.az xəbər verir ki, o, gənclər və idman naziri olmaq niyyətindədir.
Artıq federasiya rəhbərinə yaxın çevrədə hamının bundan xəbəri var. E.Məmmədov özünə yaxın saydığı insanların əhatəsində bir neçə dəfə etiraf edib ki, AFFA-da çox qalmaq fikri yoxdur.
2007-ci ildən baş katib vəzifəsini yerinə yetirən şəxs bildirib ki, artıq futbolla bağlı məsələlərlə məşğul olmaqdan yorulub və özünü daha böyük infrastruktura malik sahədə sınamaq niyyətindədir.
O. veteranlarla keçirdiyi qapalı görüşdə isə idman naziri olacağıyla bağlı sualın üstündən sükutla keçib. Yəni, nə «hə» deyib», nə də «xeyir».
Elxan Məmmədov hələ 2018-ci ildə ümid edirdi ki, Azad Rəhimovun tutduğu post ona tapşırılacaq. Həmin vaxt arzusu yerinə yetmədi, arxalandığı dairələrdən gözlədiyi dəstəyi almadı.
Gənclər və İdman Nazirliyində də bilirdilər ki, hazırkı nazirin yerində gözü olanların başında AFFA-nın idarəçisi gəlir. Odur-budur, iki təşkilat arasında münasibətlər soyuyub.
Baş katibin iştahası məhdudiyyət tanımır. O, hara gəldi, əl atır. «Tutar qatıq, tutmaz ayran» misalı sanki onun üçün deyilib.
Nazirliklə yanaşı, AFFA-nın prezidenti vəzifəsi də Elxan Məmmədovu maqnit kimi özünə çəkir. Həmçinin UEFA rəhbərliyində təmsil olunmaq arzusu xeyli vaxitdır adıçəkilən zatı rahat buraxmır. (sportinfo.az)