bazar ertəsi, 23 iyun 2025

BİZİM FUTBOL

Antalya harana yaraşır, ay "Səbail"? - YAZI

04.01.2020 15:00 Oxundu 410

Bu qış Premyer Liqamızda çıxış edən 8 klubun hamısı Antalyada toplanış keçəcək. İmkanı olanları başa düşürük. Amma imkanı olmayan, yaxud imkanı kasad olan klubların ölkə xaricinə can atması anlaşılan deyil. Götürək elə "Səbail"i. Vəziyyəti kritikdi. Futbolçularına maaş verə bilmir, mükafat verə bilmir. Maddi sıxıntı ucbatından mükafat, ümumiyyətlə, ləğv edilib. Maaşlar da iki aydır ki, verilmir. Mətbuat da bu haqda yazıb, klub özü də maaşlarda gecikmə olduğunu etiraf edib. Heç bunlar olmasa belə, son zamanlar aparıcı futbolçuların klubdan ayrılması və ayrılmaq üzrə olması da az mətləbdən xəbər vermir.

Məsələn, Ağabala Ramazanov yayda "Zirə"yə keçmək üzrə idi. Özü də verdiyi müsahibəsində etiraf etmişdi ki, sözügedən klubla danışıq aparıb. Lakin sonradan "Səbail"də vəziyyət düzəldiyindən klubda qalası oldu. Artıq Ağabala "Zirə" ilə müqavilə bağlayıb. Demək ki, "Səbail"də vəziyyət həqiqətən pisdir. Yaxşı olsa Ramazanov "Zirə"yə keçməzdi. Çünki azərbaycanlı futbolçular üçün maddiyat hər zaman önəmli olub. Bizimkilər heç vaxt karyeraya görə seçim etməyiblər. Məsələn, azərbaycanlı futbolçu sonuncu pillədə gedən komandada ayına 10 min maaş alırsa, 3-cü pillədə qərarlaşan və avrokuboklara çıxmaq şansı çox yüksək olan komandadan ayına 8 minlik təklif alsa, heç vaxt onu dəyərləndirməyəcək. Onun üçün 10 min manat alıb sonuncu pillədə oynamaq daha münasibdir, nəinki 3-cü pillədə qərarlaşan komandada oynayıb ayına 8 min maaş almaq. Bu mənada dəqiqdir ki, Ağabala "Səbail"də pul olmadığı üçün "Zirə"yə üz tutub.

Deyilənə görə, Rahid və Mirabdulla da yol üstündədir. Klub bu vəziyyətdə olduğu halda Antalya "Səbail"in harasına yaraşır? Antalyaya pul tapılırsa, futbolçuların maaşlarını verməyə pul niyə tapılmır? Yoxsa borca işləyən otellər və aviaşirkətlər var, bizim xəbərimiz yoxdur? Həm burdan başqa məqamlar da ortaya çıxır. Rəhbərlik Antalyada toplanış keçmək üçün vəsait tapırsa, demək ki, maaşları ödəmək üçün də vəsait tapmaq mümkündür. Əgər maaşlar üçün vəsait tapılmırsa, deməli ortada futbolçulara qarşı qərəz var. Ya da futbolçuları pulsuz qoymaq naminə olsa belə, komandanı Antalyaya aparan rəhbərlik bununla ictimaiyyətə klubda maddi problem olmadığınıə sübut etməyə çalışır. İstənilən halda, bu cür gedişatlar çox uzun sürmür və əsl həqiqət gec-tez vurub  bir yerdən çıxır.