
"Neftçi"nin keçmiş baş məşqçisi Anatoli Demyanenko 7 illik fasilədən sonra baş məşqçi təyinatı alıb.
Cempion.az xəbər verir ki, 61 yaşlı ukraynalı mütəxəssis Slovakiyanın "Nitra" klubunun yeni çalışdrıcısı olub.
Demyanenkonun köməkçiləri yerli mütəxəssislər - Miroslav Nemets və Miroslav Köniq olacaq. Yeni baş məşqçinin qarşısında komandanı Super Liqada saxlamaq vəzifəsi qoyulub. "Nitra" 18 turdan sonra sondan əvvəlki - 11-ci yeri tutur. Komanda ölkə Kubokunda mübarizəni davam etdirərək 1/4 finalın iştirakçıları arasındadı.
Maraqlıdı ki, Demyanenko "Neftçi"də 2008-ci il yanvarın 4-dən avqustun 23-dək çalışaraq, məhz onun rəhbərliyi dövründə UEFA İntertoto Kubokunun ilkin mərhələsində "Nitra"nı iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - səfərdə 1:3, evdə 2:0. Bu mütəxəssis 2013-cü ildə Ukrayna "Volın"ını tərk etdikdən sonra işsiz idi.