bazar ertəsi, 05 may 2025

BİZİM FUTBOL

Ağstafalı futbolsevərlər iş adamlarından kömək istədi

07.01.2020 18:00 Oxundu 678

Azərbaycanda futbol baxımından ən çox əziyyət çəkən bölgələrdən biri də Ağstafadı. Bu rayonda futbolu inkişaf etdirmək üçün potensial olsa da, nə İcra Başçısı, nə də sözügedən idman növünün inkişafına cavabdeh şəxlərin, xüsusən Ağstafanın Uşaq Gənclər və İdman Məktəbinin direktoru Abbas Fərzəliyevin vecinədi. Halbuki vaxtilə bölgədə komanda olub, ölkə çempionatlarında çıxış edib. Diqqətli oxucular yəqin ki, xatırlayar. Ötən il rayonda futbolun durumu ilə əlaqədar saytda bir neçə yazı dərc etmişdik. Qısa xatırlatma verək ki, orada yerləşən stadionlardan biri bundan əvvəlki İcra Başçısının vaxtında müəyyən məbləğ qarşılığında satılıb və artıq həmin süni örtüklü meydançada söküntü işləri aparılır. Yəqin ki, onun yerində kimin üçünsə villa, bina, yaxud əyləncə mərkəzi və sair inşa ediləcək. Həmin meydançada məşq edən uşaqlar isə Ağstafadakı təbii örtüklü stadiona köçürüldü. Əlbəttə, ona təbii örtük demək olarsa... Hazırda həmin stadiona heç qulluq da edilmir. Hətta, sulamaq üçün su belə verilmir. Anlaşıldığı kimi, rayonun ən böyük stadionu yağış sularına möhtac qalıb. Yağışdan sonra isə palçığın içində günlərlə məşq keçmək, uşaq hazırlamaq mümkünsüz olur. Qısası, kimlərinsə şəxsi maraqları, mənafeyini güdməsi ucbatından bölgədə futbol tamamilə məhvə doğru gedir...

Bu səbəbdən Ağstafa rayonunun futbol ictimaiyyəti, məşq edən uşaqların valideynləri çıxış yolu axtarmağa başlayıb. İcra Başçısına, rayonda idmanın inkişafına cavabdeh olan qurumlara, hətta AFFA-ya ünvanlanan müraciətlər cavabsız qaldığından, onlar imkanlı iş adamlarına üz tutub, kömək istəmək qərarına gəliblər. 

Cempion.az xəbər verir ki, "Ağstafa Gəncləri" Peşəkar Futbol Klubu, rayonun futbol ictimaiyyəti adından sözügedən bölgədən olan iş adamlarına, imkanlı şəxslərə müraciət ünvanlayıb. Həmin müraciəti diqqətinizə çatdırırıq: 

"Ağstafa rayon ictimaiyyəti, gəncləri, idmansevərləri adından dəyərli iş adamlarına
 
Müraciət
 
Ağstafanın hörmətli, dəyərli iş adamları. Bu gün doğma rayonumuz futbol sahəsində heç də yaxşı günlərini yaşamır. Gənclərimiz böyük xəyallarla yaşasalar da arzularını həyata keçirə bilmirlər. Bir əsgər ki, general olmaq istəmir, heç vaxt inkişaf edə bilməz. Bizim balaca futbolçular Ağstafada yalnız 14 yaşına qədər oynaya bilirlər. Sonrakı taleləri isə sual altında qalır. Çünki "Ağstafa Gəncləri" Peşəkar Futbol Klubu U-15, U-17, U-19 liqalarında, yaxud Birinci Divizionda çıxış etmək üçün yetərincə gücə, maliyyə imkanlarına sahib deyil. Ölkə prezidenti cənab İlham Əliyev 2005-2015-ci illərdə futbolun inkişafına dair sərəncam imzalamışdı. Həmin sərəncama əsasən mən də böyük xəyallarla 2007-ci ildə "Ağstafa Gəncləri" Peşəkar Futbol Klubunu yaratdım. 2008-2010-cu illərdə Həvəskarlar Liqasında çıxış etdik. Daha sonra maliyyə imkanlarımız yetərli olmadığından fəaliyyətimizi dayandırdıq və yalnız uşaq futbolunun inkişafına diqqət ayırdıq. Əslində bunun üçün elə də böyük məbləğə ehtiyac yoxdu. Uşaqlara nəqliyyat, oyunlara gedib-gəlmək və qidalanma üçün cüzi büdcə - ayda 700-800 manat ayrılsa yetərlidi. Hazırda ölkədə elə bir akademiya yoxdur ki, orada ağstafalı futbolçu olmasın. Elə bir klub yoxdur ki, orada "Ağstafa aslanı" cıxış etməsin. Hətta ağstafalı futbolçulardan Fərid Nəbiyev Avropa klubunda (Çexiya təmsilçisi "Slaviya") Azərbaycanı təmsil edir. Dağ yerlərində, dağlarda su qaynadığı kimi, Ağstafada da futbolçu "qaynayır". Böyük klubumuz olsa, bəlkə də futbolçu yetişdirməkdə "Ayaks"dan geri qalmarıq. Əlbəttə ki, Azərbaycan səviyyəsində. Klub rəsmi şəkildə qeydiyyatdan keçib, 3 minlik tamaşaçı tutumuna malik, təbii örtüklü meydançası, soyunub-geyinmə otaqları, hamam sistemi var. Yalnız maliyyə dayağı yoxdur. "Alman maşını"nı işə salsaq, ölkə futboluna hər il yetişdirdiyimizdən daha çox futbolçu bəxş edərik. İş adamlarından çox xahiş edirəm, Ağstafa futbolunun bu acınacaqlı vəziyyətdən qurtulmasına köməklik göstərəsiniz. Bəlkə bu gün olmasa, gələcəkdə sizlərin də nəvə-nəticələrinizin futbol istedadının üzə çıxmasında yerli kluba ehtiyac duyulacaq. 

Ağstafa ictimaiyyətinin, futbol veteranları və balaca futbolçuların valideyinləri adından, "Ağstafa Gəncləri" PFK-nın baş məşqçisi Şahin Kərimov".