çərşənbə, 21 yanvar 2026

SARI KART

Türkiyə millisi yeni tarix yazmaqda iddialı olsa da...

25.05.2016 11:26 Oxundu 5201

İyunun 10-dan iyulun 10-dək davam edəcək çempionata bütün komandalar ciddi hazırlaşırlar. Bu mənada artıq həyəcan zirvəyə doğru qalxmaqdadır. Bu sözləri Türkiyə millisi haqqında da demək olar. İndiyədək iştirak etdiyi çempionatlarda, xüsusilə 2008-ci ildə göstərdiyi heyranedici performans ilə diqqət mərkəzinə düşmüş Türkiyə millisi yeni bir tarix yazmaqda iddialıdır.

Azərbaycan yığması. həmişə olduğu kimi, final mərhələsindən kənar qaldığından azarkeşlərimizin böyük əksəriyyəti məhz “ay-ulduzlular”ı - D qrupunda yer alan Türkiyə millisi dəstəkləyəcəkləri şübhəsizdir.

Püşkatmada sonuncu - 4-cü səbətdə yer alan qonşu ölkə təmsilçisi Fransaya vəsiqəni ən yaxşı qrup üçüncüsü kimi əldə edib. Seçmə mərhələyə uğursuz başlayan “ay-ulduzlular” ilk 3 matçda cəmi 1 xal qazanıb. Çexiya və İslandiya məğlubiyyətləri, Latviya ilə heç-heçənin ardından Türkiyə yığmasının şansları tükənmiş hesab olunurdu. Bunu düşünənlər Hollandiya ilə 2 matçın qaldığını əsas gətirirdi. Amma toparlanmağı bacaran Fatih Terimin komandası sonrakı 7 görüşdə məğlub olmayıb, 5 qələbə qazandı. Bu isə həm Hollandiyanı arxada qoymağa, həm də ən yaxşı qrup üçüncüsü kimi pley-off oynamadan Fransaya vəsiqə əldə etməyə imkan verdi. Yığmanın uğuru komandanın əsas ulduzları Burak Yılmaz, Səlcuq İnan və Arda Turanın böyük əməyi sayəsində reallaşdı. Burak komandasının ən yaxşı bombardiri, Arda assistenti oldusa, Səlcuq 3 vacib qola imza atdı.

Dördüncü cəhd nə ilə nəticələnəcək?

Son illərdə böyük turnirlərə qatıla bilməyən türkiyəlilər 4-cü dəfə AÇ-də iştirak edəcək. 1996-cı ildə final mərhələsində debüt edən “ay-ulduzlular” 2000-ci ildə 1/4, 2008-ci ildə yarımfinaladək irəliləyib. 8 il əvvəlki nəticə bürünc medal üçün yetərli olub. İndiki heyətdən Fransada da böyük uğur gözlənilmir. Seçmə mərhələdə də rəqibi olduğu Çexiya, həmçinin Xorvatiya ilə mübarizə aparacaq qonşularımızın qrupun favoriti İspaniyanı büdrədəcəyi inandırıcı deyil.

Artıq Türkiyə milli komandası AVRO-2016 öncəsi geniş heyəti açıqlayıb. Baş məşqçi ilkin olaraq Fatih Terim 31 oyunçuya dəvət yollayıb. Daha sonra bu say 23-ə endiriləcək.

Qapıçılar: Ali Şaşal Vural (“Əskişəhərspor”), Harun Tekin (“Bursaspor”), Onur Kıvrak (“Trabzonspor”), Volkan Babacan (“Başakşəhər”)

Müdafiəçilər: Gökhan Gönül, Şener Özbayraklı, Mehmet Topal, Caner Erkin (dördü də “Fənərbaxça”), Ahmet Çalık (“Gənclərbirliyi”), Çağlar Söyüncü (“Altınordu”), Hakan Balta, Semih Kaya (hər ikisi “Qalatasaray”), Serdar Aziz (”Bursaspor”), İsmayıl Köybaşı (“Beşiktaş”), Emre Mor (“Nordsyelland”)

Yarımmüdafiəçilər: Gökhan Töre, Oğuzhan Özyakup, Olcay Şahan (hər üçü “Beşiktaş”), Volkan Şen, Ozan Tufan, Alper Potuk (hər üçü “Fənərbaxça”), Yasin Öztekin, Selcuq İnan (hər ikisi “Qalatasaray”), Hakan Çalhanoğlu (“Bayer”), Mahmut Pekdemir (“Başakşehir”), Nuri Şahin (“Borussiya” D.), Arda Turan (“Barselona”)

Hücumçular: Burak Yılmaz (“Beyjinq Qoan”), Cenk Tosun (“Beşiktaş”), Yunus Mallı (“Maynts”), Mövlüt Erdinç (“Genqam”)

Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Fateh Terim heyətdə dəyişikliklər edə biləcəyinini də söyləyib. Belə ki, o daha 3-4 nəfər futbolçunu da komandaya dəvət etmək fikrindədir: “Hər an onları da heyətə daxil edə bilərik”. Lakin təcrübəli məşqçi onların adların açıqlamayıb.

Sinan Gümüş niyə heyətə

alınmadı?

Türkiyə millisinin baş məşqçisi Fateh Terim “Qalatasaray”ın gənc ulduzu Sinan Gümüşü millinin heyətinə dəvət etməyib. Bəs bu nə ilə bağlıdır? Bəri başdan qeyd edək ki, Almaniyada doğulmuş və “Ştutqart”dan “Qalatasaray”a transfer olunmuş Sinan Gümüş son matçda “Kayserispor”a 3 qol vurması ilə gündəmə gəlib.

Sinanın milliyə dəvət olunmaması isə gənc futbolçunun Avropa Birliyinin vətəndaşı olması ilə bağlıdır. Deyilənlərə görə, əgər o dəvət alsaydı, Türkiyə vətəndaşlığı ilə bağlı əməliyyata başlayacaqdı.

“Ştutqart”ın heyətində Almaniyanın U-20-nin şərəfini qorumuş futbolçuya daha sonra heç bir dəvət gəlməyib. “Qalatasaray”a gəldikdən sonra Türkiyə millisində yer alacağına ümid etdiyini dilə gətirəin Sinan Terimin dəvətini gözlədiyini söyləyib. Futbolçunun yaxınları: “Əgər Fateh Terim onu heyətdə görmək istərsə bu kimi problemlər aradan qaldırılar”, - deyə dəvət gözlədiklərini vurğulayıblar.