
Mançester Siti”nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasının 22-ci turunda yeni rekord müəyyənləşdirib.
Cempion.az xəbər verir ki, “şəhərlilər”in 6:1 hesabıyla qalib gəldiyi oyunda het-trik edən hücumçu Premyer Liqada yeni rekorda imza atıb.
Belə ki, argentinalı hücumçu Serxio Aquero Premyer Liqa tarixində ən çox qol vuran legioner futbolçu ünvanını qazanıb. 31 yaşlı oyunçunun aktivində 176 qol var. Bundan əvvəlki rekord fransız futbolçu Tyerri Anriyə aid idi. “Arsenal”ın sabiq hücumçusu Premyer Liqada 175 qol vurmuşdu.
Aqureo həm də, Premyer Liqada bir klubla ən çox qol vuran 2-ci futbolçudur. Bu baxımdan rekord “Mançester Yunayted”in sabiq oyunçusu Ueyn Runiyə məxsusdur. İngilis hücumçunun aktivində 183 qol var.
Qeyd edək ki, 2011-ci ildən “Mançester Siti”nin şərəfini qoruyan Aquero, bu mövsüm Premyer Liqada 16 oyunda 13 qol vurub.