cümə, 29 mart 2024

BİZİM FUTBOL

“Səbail”də nə baş verir: maddi böhran, yoxsa daxili qarşıdurma? - YAZI

20.01.2020 17:00 Oxundu 343


Səbail”də müəmmalı vəziyyət hökm sürür. Özü də mövsümün əvvəlindən. Komanda avrokuboklardakı çıxışlarını başa vurandan sonra heyətində yer alan bütün legionerləri göndərəcəyini, büdcənin azalacağını və ancaq yerli oyunçularla oynayacağını açıqlayır. Həqiqətən də bu açıqlamadan sonra əksər legionerlər düşərgəni tərk edir. Lakin sonradan məlum olur ki, heç də bütün əcnəbilər getmir və komanda heç də sırf yerlilərdən təşkil olunmayacaq. Hətta digər klublarla danışıq aparan aparıcı yerli futbolçular da vəziyyətin düzəldiyini bildirərək “Səbail”də qaldıqlarını açıqladılar. Qışa doğru vəziyyət yenidən dəyişdi, maaşların verilməsində yubanmalar başladı. Bir sözlə, növbəti maddi böhran.

Amma bu dəfə vəziyyət deyəsən doğurdan ciddi oldu. Belə olmasaydı Ağabala Ramazanov “Zirə”yə yollanmazdı. Hazırda da deyilənə görə, futbolçular son iki ayın maaşını almayıb. Amma maraqlıdır ki, komanda toplanış üçün Antalyaya yollanıb. Bu zaman haqlı sual ortaya çıxır: pul yoxdursa, komanda Antalyaya hansı pulla yollanıb? Ya da pul varsa o zaman maaşlar niyə verilmir? Istənilən halda qaranlıq məqamlar var. Qaranlıq olan başqa bir məaqm da var. Söhbət klubdaxili çəkişmədən gedir.


“Səbail”i AFFA-yaradıb və klub bu qurumdan maliyyələşir. Bütün idarəçilər də məhz federasiyadan təyin olunur. Amma bir məsələ var ki, klubun daxilində çəkişmə gedir. Bunu bilmirik kreslo çəkişməsi adlandıraq, yaxud nüfuz çəkişməsi. Klubda həm AFFA prezidenti Rövnəq Abdullayevin, həm də baş katib Elxan Məmmədovun yaxın adamları yer alıb və eyni zamanda nəzarət edirlər. Hazırkı vəziyyətdə daha üst söz sahibi Abdullayevin adamlarıdır. Deyilənə görə, Elxan Məmmədov çalışır ki, kluba nəzarəti tamamilə ələ alsın və birbaşa rəhbər posta öz adamını yerləşdirsin. “Səbail”in hazırkı durumunu həm də buna bağlamaq olar. Baş katib maaşları qəsdən yubatmaqla komandanı zəifləməyə güclü heyəti dağıtmağa çalışır. Bununla da əsas rəhbərin zəif idarəçi olduğunu hər kəsə göstərmək istəyir. Maddi sıxıntı artsın, heyət zəifləsin, nəticələr pisləşsin, komanda sonuncu pillədə “möhkəmlənsin” və yekunda rəhbərlik bezib postundan getsin. Dərhal da baş katib o posta öz adamını yerləşdirir və bütün nəzarəti öz əlinə alır. Görünən budur ki, Məmmədov bu işləri gizlin çox ustalıqla edir. Ona görə də qarşı tərəf tutarlı dəlillər tapa bilmir və vəziyyətə əsaslı müdaxilə imkanından məhrum qalır. Gedişat hara kimi gedəcək, sonra bu daxili çəkişmədən kim qalib ayrılacaq, hamısını zaman göstərəcək.