cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Havaya sovrulan pullar - YAZI

27.01.2020 17:00 Oxundu 354

Xaqani Məmmədovu AFFA Hakimlər Komitəsindən göndərdilər. Guya işləməyi bacarmırdı, hakimliyi inkişaf etdirə bilmirdi. Yerinə Avstriyadan elə hakim yetişdirə bilədiyinə görə öz ölkəsinin futbol federasiyasından qovulan Frits Ştuxliki gətirdilər. Deyilənə görə, ayına 17 min avro maaş alır. Hakimlikdə də hər hansı inkişaf gözə dəymir. Əksinə, hər şey pisliyə doğru gedir. Məmmədovun dövründə ortaya çıxan 3-4 hakim də gözümçıxdıya salınıb. Əvəzində guya yeni gəncləri ortaya çıxardıblar. Həmin gənclərin etdiyi səhvləri də hamı görür. Biri var doğurdan da hansısa gəncin istedadı ola və onu irəli çəkəsən, biri də var özündən əvvəlki rəhbərliyin yetişdirdiklərini bilərəkdən gözümçıxdıya salıb futboldan didərgin salırsan və yaranmış boşluğu doldurmaq üçün heç I Divizionda düz-əməlli tanınmayan cavan uşaqları birbaşa Premyer Liqaya gətirib oda atırsan. Bu “siyasət”lə hakimliyi inkişaf etdirmək olmur. Hətta UEFA Azərbaycanın payına düşən 4 nəfərlik kvotanı 3 nəfərə endirməyə hazırlaşır. Amma buna görə heç kimin Ştuxlikə güldən ağır söz demək fikri yoxdur. Əksinə, ona daha da çox qol-qanad açmaq üçün imkanlar yaradılır.


Bu yaxınlarda Kiril Vassaras Azərbaycana dəvət edilib və AFFA-da azərbaycanlı hakimlərə nəzəri bilikləri artırmaq yönündə seminar keçib. Vassaras tanınmış hakim olub, buna sözümüz yox.  Amma onun pedaqoq kimi heç bir uğuru yoxdur axı. Nəzəri cəhətdən bildiyi varsa elə onu Yunanıstanda tətbiq eləsin də hansı ki, bu ölkənin çempionatında məhz hakimlik ucbatından az qala çempionat döyüş meydanına dönüb. Onu da qoyuram qırağa, deyilənə görə, Vassarasın iki günlük seminarı üçün ona 5 min avro ödənilib. Hələ biz onun qalmaq, yemək və təyyarə biletləri üçün AFFA-nın xərclədiklərini demirik.  İndiki halda bu, kimə lazım idi? Əgər AFFA bu gün hakimləri pulsuzluq səbəbindən Antalyaya apara bilmirsə, o zaman ayda Stuxlikə 17 min, iki seminar üçün isə Vassarasa 5 min avronu hansı pulla ödəyirlər? Çox ciddi paradoks, ziddiyət var. Sənin hakimlərin Mərdəkanda nəzəri seminar keçirsə və oyun praktikası yoxdursa, Stuxlikin və Vasarasın burda nə işi var? Axı hakimin yaxşı hakimlik etməsi üçün yaxşı toplanışa və oyun praktikasına ehtiyacı var. AFFA bunu başa düşmür? Düşürsə, ətək-ətək pulları Stuxliklərə, Vassaraslara görə havaya niyə sovurir?