
"Neftçi"nin keçmiş bazası adlanan olimpiya yığmalarının təlim-məşq bazasının futbol meydançasının istismar müddəti bitib".
Cemрion.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O bildirib ki, meydançanın örtüyünün dəyişdirilməsi ilə bağlı direktor Oqtay Abdullayevə müraciət olunub: "Qarşıdakı 4 ay müddətində örtük dəyişdirilməsə, orada Azərbaycan çempionatının oyunları keçirilməyəcək".
AFFA rəsmisi uşaq futbol liqalarındakı oyunların soyuq havada keçirilməsi fikri ilə razılaşmayıb: "Hazırda uşaq futbolu üzrə çempionat oyunları "Dalğa Arena"nın meydanlarında təşkil olunur. Lakin həmin məkanın da uzaqda yerləşdiyini deyirlər. Hər cümə axşamından hava proqnozuna baxırıq ki, həftəsonu hava necə olacaq. Hələ Bakıda temperatur heç 0 dərəcəyə çatmayıb".
- Rövnəq Abdullayev bildirdi ki, Şamaxıda yeni arena inşa olunacaq. Şimal zonasında Sumqayıtı çıxmaq şərtilə normal futbol oynamağa meydança yoxdur. Buna bir tədbir görüləcəkmi?
- “Sumqayıt”da yenidənqurma prosesinə start verilib. Digər bölgələrdə də yeni infrastruktur imkanları yaratmağa çalışacağıq.
- “Hər yerdə futbol” devizinə başlamısız. Bəs buna kim nəzarət edəcək?
- Bu, sağlam həyat tərzini və kütləviliyi təbliğ etmək üçündür. Biz kəndlərdə stadion tikməyəcəyik. Məktəblərin yanında normal qapılar quraşdırılacaq, toplar veriləcək. Oradakı müəllimlər uşaqları idmana cəlb etmək məsuliyyəti daşıyacaq. İlk olaraq 50 məktəbdə bu prosesə başlayacağıq.
- Sizin təyinatınız hansı ehtiyacdan yaranır?
- Əvvəllər iki vitse-prezident mütəmadi olaraq AFFA-da oturmurdular. İcraçı vitse-prezident və bir vitse-prezident artıq mütəmadi AFFA-da olacaq. İcraiyyə Komitəsində 13 üzv varsa, icraçı vitse-prezidentin sayı da artmalı idi. AFFA prezidentinin də təklifi o idi ki, iki vitse-prezident daim AFFA-da olsun. Ötən il UEFA-da bir komitəyə sədr seçildim. Eyni zamanda, UEFA-da və FİFA-da icraçı vitse-prezident kimi daha çox imkanlar yaranacaq.
- Növbəti yığıncaqda millinin baş məşqçisi bilinəcək?
- Namizədlər çoxdur. 32 namizədimiz var. Heç biri ilə danışıqlar aparılmayıb. Onlar hazırda vakant məşqçilərdir. İcraiyyə Komitəsi ümumi istiqamət bildirmək üçün öz fikirlərini bildirdi. Hər İcraiyyə Komitəsi üzvü növbəti iclasa qədər öz fikrini bildirəcək. Növbəti iclasa qədər siyahı 13-15-ə enəcək.