14.02.2020 14:15
449


"Zirə" komandası Azərbaycan Premyer Liqasının XVII turunda evdə "Qarabağ"a qarşı keçirəcəyi oyuna itkilərlə çıxacaq.
Cempion.az xəbər verir ki, Qəsəbə təmsilçisinin baş məşqçisi Zaur Həşimov bildirib ki, fransalı yarımmüdafiəçi Şafik Tiqruca zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxacaq.
Bundan başqa, ötən tur səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olduqları görüşdə qırmızı vərəqə ilə cəzalandırılan İlkin Muradov və Ağabala Ramazanov da komandaya kömək edə bilməyəcək. Həşimov klub daxilində iclasın olduğunu və hər iki oyunçu ilə bağlı lazımi tədbirin görüldüyünü diqqətə çatdırıb.
Zədəsini sağaldan Orxan Sadıqlı isə komanda ilə birgə məşqlərə başlayıb.
Qeyd edək ki, fevralın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.