3812
Bir neçə oyunda “Fənərbağça”ya rəhbərlik etmiş Dilmən 1998-2003-cü illərdə 5 klubda çalışsa da, məşqçi kimi önüzü göstərə bilmədi. Artıq uzun illərdir futbol şərhçiliyi ilə məşğul olan 54 yaşlı mütəxəssis yerli mətbuata müsahibəsində futbolçu karyerasının “ənlər”ini vərəqləyib.
- Ən çox yadda qalan oyununuz...
- 1988-89 mövsümündə “Qalatasaray”a qarşı keçirdiyimiz matç. 0:3 hesabı ilə geridə olduğumuz həmin qarşılaşmada 4:3 hesabı ilə qalib gəlməyimiz hələ uzun illər unudulmayacaq. Həmin vaxt qarşımıza keçənə 4-5 qol vururduq. Bu oyun da mövsümün sonlarında oldu. Hesab 0:3 olanda artıq 7-8 top buraxacağımızı düşünməyə başlamışdıq. Birillik əziyyətimiz artıq hədər olmaq üzrə idi. Amma ikinci hissədə vurduğumuz 4 qolla mövsümə xüsusi rəng qatdıq.
- Unuda bilmədiyiniz qol...
- Karyeram ərzində qəribə qollar vurmuşam. Həmin vaxt televiziya çəkilişi gözəl olsaydı, qollarım daha baxımlı görünərdi. Mən həmişə ofsaydda olmuşam. Amma topla olarkən ən azı 1-2 rəqibi aldadardım. Oyunlar az sayda kamera ilə çəkildiyindən, indi hücumların başlanğıcını heç kim bilmir. Halbuki qapıçı ilə təkbətək qaldığım epizodlarda da geridən gəlib fərqlənmişəm. Ən çox bəyəndiyim qol kimi isə “Altay”a vurduğum topu göstərə bilərəm.
- Ən mənalı qolunuz...
- Bununla bağlı çox maraqlı xatirəm var. Təxminən birillik zədədən yeni qayıtmışdım, 2-3 məşqə çıxmışdım. Həftənin birinci günündə mənə zəng gəldi və dedilər ki, “Karşıyaka”nın prezidenti Özər Kırıcıdır. Həftəsonu “Karşıyaka”ya qarşı oyunumuz var və mən də “Fənərbağça”nın oyunçusuyam, bir az narahat oldum. Kırıcı telefonda məndən oynayıb-oynamayacağımı soruşdu, dedim ki, məşqlərə təzə başlamışam, oynamayacağam. Dedi ki, xahiş edirəm, açıqlama ver və “oynayacağam” söylə. Səbəbini soruşanda, bununla azarkeşləri tribunaya çəkməyə çalışdıqlarını qeyd etdi. Mən də razılaşdım. Baş məşqçimiz Qus Hiddink idi və həmin ərəfədə o, cəzalı idi. Məşqçi məni “18-liy”ə daxil etsə də, oynatmaq fikri yox idi. Heç mən də hələ hazır deyildim. Qapıçımız Yaşar yanımda oturmuşdu, mən də ehtiyat oyunçular skamyasında ayağımı onun qucağına uzadıb, rahat oturmuşdum. 3:0 hesabı ilə öndə idik və mənə ehtiyac yox idi. 60 minə yaxın azarkeş isə meydançaya çıxmağımı səbirsizliklə gözləyirdi. Bir anda oyun 2:3-ə gəldi. Hiddink tribunadan mənə səsləndi və oyuna girməyimi istədi. Hətta isinmə hərəkəti etməyimə də icazə vermədi. Baş hakim də Ərman Toroğlu idi. Elə ki oyuna girdim, 30-40 fotomüxbir də mənimlə birlikdə meydançaya daxil oldu. Onları oradan çıxarmaq üçün 5 dəqiqə oyun dayandırıldı. 10 aydan sonra ilk dəfə top ayağıma dəyəndə 2-3 rəqibi aldadıb qol vurdum. Ardından daha bir qol vurdum və bir də məhsuldar ötürmə verdim. Mən qolçu futbolçu deyildim, amma həmin gün Allahın köməkliyi ilə dönüşüm mükəmməl oldu. Təsəvvür edin ki, 2:3-dən oyunu 6:2-yə gətirdim. Bununla da “Karşıyaka” prezidentinin xahişini yerinə yetirmiş oldum. Bundan başqa, “Trabzonspor”a və “Qalatasaray”a əhəmiyyətli qollar vurmuşam. Maraqlıdır ki, bunların hamısı zədədən döndükdən sonra ilk görüşüm idi. Bir ara heyətdən kənarlaşdırılmışdım. 5 aydan sonra “Sarıyer”lə oyun öncəsi heyətə salındım və artıq 2-ci dəqiqədə qol vurdum. Həmin görüşdə bir məhsuldar ötürmə verdim və penalti qazandım. Dönüşlərim uğurlu oldu, amma bunların davamı gəlmədi.
- Milli komanda ilə bağlı ən maraqlı xatirəniz...
- Sepp Piontek baş məşqçi, Fatih Terim isə onun köməkçisi idi. Yenə uzun müddət idi oynamırdım və yeni qayıtmışdım. Mətin, Ali, Fəyyaz, Tanju kimi hücumçuların olduğu bir kollektiv idi. Taktiki hazırlıqlarda məni sınamırdılar, mənə heç ehtiyac da duymurdular. İngiltərəyə qarşı oyunöncəsi idi. Mən də başımı aşağı salıb məşqimi edirdim. Hətta matçdan bir gün əvvəl iclas keçirildi, bunun da səbəbkarı mən idim. Sən demə, Fatih Terim oynamağım üçün Piontekə təzyiq göstərirmiş. O da iclasda dedi ki, Rıdvanı oynatmağı düşünmürəm. Gecə saat 1-də Terim otağıma zəng vurdu və dedi ki, gəl yanıma. Gedəndə dedi ki, hazırlaş, oynayacaqsan. Çaşıb qaldım, axı baş məşqçi özü məni oynatmayacağını bildirdi. Terim dedi: “Sən oynayacaqsan, vəssalam”. Həqiqətən də, meydançaya çıxdım və əla oynadım. Həmin gün anladım ki, köməkçi məşqçi formal rol oynamır.
- Ən gözəl assistiniz...
- Kornerdən, standart vəziyyətdən ötürmələr də assist sayılır. Mənim hər mövsümdə ən azı 20 assistim olardı. Təkbətək qaldığım epizodda belə, şansımın 70-80 faiz olduğunu biləndə, boş qapı önündə dayanan komanda yoldaşıma ötürmə verirdim. Təhlükəli bölgədə düzgün qərar verərdim. Məhsuldar ötürmələrimin sayı çox olduğundan, seçə bilmirəm.
- Ən yaxşı oyununuz...
- “Boluspor” və “Sarıyer”də olarkən mükəmməl oyunlar keçirmişəm. Məsələn, “Sarıyer”də “Diyarbakırspor”a və “Kocaelispor”a qarşı keçirilən görüşlərdə sadəcə, qarşısıalınmaz idim.
- Ən uğursuz oyununuz...
- Uğursuz oyunlar daha çox yaddaşımda qalıb, çünki belə matçların sayı az idi. “Zeytunburnu” ilə görüşdə heç nə alınmırdı. Həmin qarşılaşmada əyilib dizliyimi düzəldirdim, şəklimi çəkib qəzetə vermişdilər və “Rıdvanın tükənişi” başlığını qoymuşdular.
- Gördüyünüz ən çalışqan futbolçu...
- Siyahının əvvəlinə Tanjunu qoymaq lazımdır. Hətta məşqdən sonra da dəli kimi çalışırdı. Rıza isə məşqə bir saat əvvəl başlayar, bir saat sonra da qurtarardı. Rızanın gözəl cinah ötürmələri, Tanjunun isə zərbələri olardı. Məşqlərdə də dayanmadan bunların üzərində çalışardılar.
- Ən tənbəl futbolçu...
- Sərgənə tənbəl deyirdilər. “Fənərbağça”da onunla 5 həftə birlikdə çalışdım, amma belə şey görmədim. Ancaq yenə də o cür istedada baxmayaraq, ölkədən çıxa bilmədisə, deməli, tənbəl olub.
- Ən istedadlı futbolçu...
- Sərgən və özüm.
- Ən bacarıqsız futbolçu...
- Bacarıqsız demək düzgün olmaz. Çünki bacarıqsız olan futbolçu yüksək liqada oynamaz. Məsələn, rəqiblərin vəziyyəti mənim oyunumdan asılı idi.
- Ən yaxşı geyinən futbolçu...
- Mətin, Ali və Fəyyaz həm yaraşıqlı idilər, həm də əla geyinirdilər.
- Ən pis mahnı oxuyan...
- İndi bir mahnı oxusam, musiqiyə həvəsiniz sönər.
- Sizə ən çox çətinlik törədən futbolçu...
- “Beşiktaş”lı Kadir.
- İdealınız...
- Yohan Kroyff pərəstişkarı idim. Türkiyədən isə Cəmil Turanı çox bəyənirdim.
- Ən çox təsirləndiyiniz stadion...
- “Fənərbağça” stadionu. O vaxtlar meydançada deyil, koridorda isinmə hərəkətləri edərdik. Mən də qapalı tribunanın altında hazırlaşardım ki, azarkeşlərin səsini rahat eşidim.
- Gördüyünüz ən yaxşı baş məşqçi...
- Hər məşqçidən bir şey öyrənmişəm. Amma Fatih Terimin tamam fərqli olduğunu düşünürəm.
- Ən yaxşı qapıçı...
- Rüştü.
- Ən pis qapıçı...
- Hansını deyim? Çoxdur axı.
- Ən sərt futbolçu...
- “Qalatasaray”lı Simoviç. Onunla üz-üzə gələndə driblinq etməklə yanaşı, zərbədən də qaçmaq məcburiyyətində olardım. Muzaffer, Hüseyin, Muammer, Bilal, Hüsnü kimi sərt oyunçular var idi.
- Holqer Osiek...
- Əla baş məşqçi idi. O gələndə heyətdən kənarlaşdırılmışdım. Haqsızlığa uğradığımı öyrəndi və məni məşqlərə cəlb etdi.
- 1988-89 mövsümü...
- Bundan bir mövsüm əvvəl fantastik formada keçirdim. Komanda zəif oynayırdı, amma mən anormal çıxış edirdim. Ən azı 1988-89 mövsümündəki kimi oynamışdım. Amma 1988-89 mövsümündə hücumameyilli komanda formalaşdı. Bəzən əks-hücuma 7 nəfərlə atılardıq. Penaltiləri saymasaq, 19 qol vurmuşdum və 40-a yaxın məhsuldar ötürmə vermişdim.
- MTK...
- “Fənərbağça”nın baş məşqçiliyindən ayrılmağımı bu oyunla əlaqələndirmişdilər. Amma bu, belə deyildi. Onsuz da matçın ertəsi ayrılmışdım. “Kaş qələbə qazanaydıq” dediyimiz bir rəqib idi. Rəqib cərimə zərbəsi vururdu. Rüştünün topu tutub kimə ötürmə verəcəyini düşünürdüm, bir də baxdım ki, top qapımızdadır.
- Van...
- Həyatımın ən gözəl 10 ayını bu şəhərdə keçirdim. Təkcə oyunla bağlı deyil. Orada çox xoşbəxt yaşayırdım, insanlarına söz ola bilməzdi.