çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Fransa mətbuatı: “Lill”i “Qəbələ” ləğv etdi, “Qəbələ” “Lill”i Avrokubokdan kənarlaşdırdı"

05.08.2016 11:53 Oxundu 416

Fransanın güclü komandalarından sayılan “Lill” Avropa Liqasında “Qəbələ”yə məğlub olmaqla ciddi tənqidlərə məruz qalıb. apasportun Fransa mətbuatına istinadən məlumatına görə, klub azarkeşləri III təsnifat mərhələsindəki məğlubiyyəti biabırçılıq adlandırıblar.

Bu nəticə fanatlarla yanaşı, yerli KİV-i də qəzəbləndirib. Bakıdakı qarşılaşmaya geniş yer ayıran fransalı həmkarlarımız “Qəbələ”nin mərhələ adlamasını sensasiya kimi qələmə veriblər. “Lill”in hər iki matçda o qədər də yaxşı çıxış etmədiyini düşünən fransızlar bu məğlubiyyətin səbəbkarı kimi futbolçuları göstəriblər. Belə ki, həmkarlarımız oyunçularını məsuliyyətsizlikdə günahlandırıblar.

Bəzi Fransa saytları və qəzetləri isə “Qəbələ” – “Lill” görüşü ilə bağlı dərc edilmiş yazıya maraqlı başlıqlar qoyublar. Onların bir neçəsi ilə sizi tanış edirik:

“lequipe.fr” - “Lill”i “Qəbələ” ləğv etdi

“rmcsport.bfmtv.com” - “Lill”in tale qapıları bağlandı

“francetvsport.fr” – “Lill” dalana dirəndi

“leparisien.fr” - “Lill” Avropada azdı

“leparisien.fr” - “Lill” tələyə düşdü

“information.tv5monde.com” – “Qəbələ” “Lill”i Avrokubokdan kənarlaşdırdı

“lavoixdunord.fr” – “Lill” üçün Avrokubok erkən bitdi

“sports.fr” – “Lill” biabırçılığı

“foot-national.com” – “Lill”: mövsümə uğursuz start

“Qəbələ”nin “Lill”i sıradan çıxarması fransızlarla yanaşı, bir çox ölkədə sensasiya kimi qarşılanıb. Xüsusən də, Türkiyə mətbuatı bunun gözlənilməz olduğunu vurğulayıb. Qonşu ölkədə bu qarşılaşma ilə bağlı ən diqqətçəkən xəbər başlığını “starkibris.net” saytı qoyub: “Qabala güçlü Lille’i Avrupa’nın dışına itti!”.

Qeyd edək ki, səfərdə qollu (1:1) heç-heçə edən “Qəbələ” 8-ci km qəsəbə stadionunda 1:0 hesablı qələbə qazanaraq, Avropa Liqasında pley-off mərhələsinə yüksəlib.