cümə, 29 mart 2024

BİZİM FUTBOL

Elxanın "ponyatkası" - YAZI

17.02.2020 15:00 Oxundu 453

Bu yaxınlarda "Azərbaycan radiosunda" qonaq olan AFFA-nın icraçı vitse-prezident baş katibi Elxan Məmmədov maraqlı bir məsələyə toxundu. O, hazırda işsiz olan məşqçi Elxan Abdullayevə yeni yaranacaq U-18 millisində baş məşqçi olmaq təklifi etdiklərini, Abdullayevin isə bu təklifdən imtina etdiyini bildirdi. Səbəbini isə belə izah etdi ki, Abdullayev aşağı yaş qruplarından ibarət millilərdə, eləcə də gənclərdən ibarət yığmada işləmək istəmir. Onun istəyi əsas milli komandada köməkçi məşqçi olmaqdır. Həə bu yerdə rusun məşhur "ponyatka" söhbəti ön plana çıxır. Var "poyatkalı oğlan", var "ponyatkasız oğlan". İndiki halda Abdullayevin etdiyi hərəkət əsl "ponyatkasızlıq"dır. Niyə?

Düzdür, hazırda millinin baş məşqçisi postu boşdur. Yəni Nikola Yurçeviç istefaya göndərilib və onun yerinə yeni namizədlər nəzərdə keçirilir. Lakin köməkçi məşqçi Arif Əsədov postundan ayrılmayıb və yeni baş məşqçi gələcəyi təqdirdə ona ilk təklif olunan da Əsədov olacaq. Abdullayevin bu cür istəkdə bulunmaqla ilk növbədə həmkarı olan Arif Əsədova hörmətsizlik etmiş olur. Adam açıq-aşkar Əsədovun yerinə göz dikib və Elxan Məmmədova da "Arifi çıxardın yerinə məni təyin edin" mesajını verir. Yəni hardan baxsan bunun başqa adı yoxdur. 

20 ildir məşqçilik edən və heç bir ciddi uğuru olmayan Abdullayev unutmasın ki, bu cür gizlin danışıqlar, həmkarına "torba" tikməklə qabağa getmək olmaz. Yaxşı ki icraçı vitse-prezident baş katib bu məqamı dilindən qaçırdı və hər kəs də Abdullayevin məkrli niyyətini bilmiş oldu.