22.02.2020 14:00
444


AFFA daha bir legioneri milliləşdirməyə hazırlaşır. "Keşlə"nin paraqvaylısı Sezar Meza Kollini. İllərdir dövlətin futbola ayırdığı milyonları havaya sovuran, dövlət proqramını boşa verən federasiya ümidini yenə əcnəbilərə bağlayıb. Almeydadan əlimiz bala batdı, indi də Meza Kolli ortaya çıxıb. Halbuki 10 illik dövlət proqramı düzgün yerinə yetirilsə idi bu gün özümüzün onlarla Meza Kollilərimiz olacaqdı. Sözümüzün canı bu deyil. Meza Kollinin milliləşdirilməsini qınayırıq və bu futbolçunun millidə fövqəl parlaq oyun ortaya qoyacağına da inanmırıq. Əksər azarkeşlər və futbol adamları da bu fikirdədir. Belə futbol adamlarından biri də "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovdur.
Abbasov Meza Kollinin milliləşdirilməsini sərt tənqid edib. Bildirib ki, bu cür legionerlər milliyə ayaq açmaqla yerli futbolçuların qabağını kəsir. İlk baxışdan "afərin" deyiləcək etirazdı. AFFA-nın kurasiyasında olan bir klubunn baş məşqçisinin AFFA-nın reallaşdırdığı addımı tənqid etməsi cəsarət nümunəsi sayıla bilər. Amma...
Abbasov Meza Kolli tərəfdən qarşısı kəsilən yerlilərin adını açıqlayandan sonra yelkənlər suya enmiş oldu. "Sumqayıt"ın baş məşqçisi millidə həmin mövqedə oynamağa layiq futbolçular kimi öz komandasında çıxış edən Aleksey İsayevin, Rəhim Sadıqovun adını çəkib. Həəə, bax burda deyirlər ki, qaş düzəldən yerdə vurub gözünü də çıxardıb. Abbasov bir legionerin milliləşdirilməsini tənqid edərkən, onun yerinə milli üçün başqa legionerləri təklif edib. Ayxan bəy, bunun harası milli təssübkeşlik oldu? Guya Alekseylə, Rəhim haralıdır ki? Hər ikisi rusiyalıdır da guya Meza Kolli onların yolunu kəssə nə olur, kəsməsə nə olur? Nə Alekseyin, nə də Rəhimin bu və ya digər şəkildə Azərbaycana, Azərbaycan futboluna bağlılıqları yoxdur. Onların yerli kimi camaata sırımağın mənası nə? Ragimi Rəhim, Sadıxovu Sadıqov etməklə deyil axı. Əgər Abbasov "Sumqayıt"ın öz futbol akademiyasında yetişən hansısa yerli futbolçunun adını çəksə, onunla iki əlli razılaşmaq olardı. İndiki halda isə ya Meza Kolli, ya da Aleksey və ya Ragim. Nəticə dəyişmir.