cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Ayxan Abbasov: "Bəs özümüz nə vaxt qazanacağıq?"

23.02.2020 20:39 Oxundu 554


"Məğlubiyyətə görə üzülürük. Belə rəqiblə oyunda səhv etmək olmaz. Rəqib ikinci hissənin əvvəlində boşluqdan yararlandı. Buna baxmayaraq, öz dəst-xəttimizə sadiq qalıb daha soyuqqanlı ola bilərdik. Futbolçularıma əzmkarlığı qarşılığında təşəkkür edirəm".

Cempion.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis oyundan zövq aldığını bildirib: "Oyunu düzgün analiz etmək lazımdır. Qoldan sonra 4 hücumçu ilə oynadıq, dayaq yarımmüdafiəçisini meydana buraxdıq. Belə komandaya qarşı açıq futbol oynamaq olmaz. Hətta "Neftçi" belə oynamamışdı. Çalışacağıq ki, sonadək bu tempi qoruyaq. Hər mövsüm heyətimizi qoruya bilməsək də, futbolumuza qazandırırıq. Bəs özümüz nə vaxt qazanacağıq? Bu sualın cavabı məndən asılı deyil".