cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Hardadır o 3 komanda, Ramin müəllim? - YAZI

26.02.2020 12:00 Oxundu 649


PFL prezidenti Ramin Musayev bu yaxınlarda maraqlı açıqlama verib. Media ilə daim isti münasibətdə olan və qələm əhli ilə görüşdə hər zaman səmimi zarafatları ilə diqqət çəkən Musayevin bu açıqlamasını da bəlkə zarafat kimi qəbul etmək olar. Çünki PFL prezidenti I Diviziondan Premyer Liqaya 3 komandanın gəlmək ehtimalından danışıb. Yəni deyib ki, aşağıdan 3 komanda lisenziya şərtlərinə əməl etsə, onlar elitaya gətiriləcək və elitada son pilləni tutan komanda I Diviziona göndəriləcək. 


Öncə maraqlıdır ki, bu tip açıqlama niyə "Qəbələ" son pillədə möhkəmlənəndən sonra verilir? Məsələn, "Səbail" və ya "Sabah" son sırada olanda heç bu haqda danışan olmur. "Sumqayıt" son pillədə olanda heç I Divizionun adını tutan olmur. Amma "Qəbələ" son pillədə qərarlaşan kimi belə söhbəti atırlar ortaya. Biz də reqlamentin,  idman prinsiplərinin tərəfdarıyıq. Amma bir şərtlə ki, qaydalar hamı üçün keçərli olsun.


İkincisi, bu açıqlama nə dərəcədə ciddi görünə bilər? Lap deyək ki, müstəqil klub olan "Qəbələ" son pilləni tutdu və I Diviziona göndərildi. Burax üç komanda, onu əvəz edən bir komanda var? I Divizonda yer alan komandalarınkı yaşamaq deyil, sürünməkdi. Adları daha çox hallanan "Turan Tovuz" və "Kəpəz" futbolçularına düz-əməlli maaş verə bilmir, elitaya necə gələcək? Tovuzda 6 aydır bir meydançanı tikib qurtara bilmirlər.  "Kəpəz"in stadionunda heç ayaqyolu yoxdur. Futbolçular oyundan sonra sobaya odun atıb qızdırıb yuyunurlar. 21-ci əsrdə hələ də 18-ci əsr metodundan istifadə edən komandanın harasına yaraşır Premyer Liqa? Digərlərindən heç danışmağa dəyməz. "Qəbələ"ni əvəz edəcək komanda ən azı "Qəbələ"nin malik olduğu şəraitin yarısına malik olmalıdır. I Divizionda belə komanda yoxdursa, burax üç, heç bir komandanın da elitaya yüksəlməsindən danışmağın mənası yoxdur. Utopiyadır bu.